CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaq pulu bərpa olunacaqmı – Müraciət də var, niyyət də

"Uşaqların qida, ləvazimat və geyimlərinin baha olması ilə əlaqədar olaraq, bu gün gənc ailələrdə bir və ya iki uşaq doğulur"
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 10 noyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev tərəfindən Milli Məclisə aylıq uşaq pulunun bərpası üçün məktub göndərilib. Müraciət məktubunu Əpoş Vəliyevdən başqa daha 100 valideyn imzalayıb.

Sosial xərclərimiz artırılıb

Sputnik Azərbaycan-a danışan Əpoş Vəliyev uşaq pulunun ləğvinin ailələrə təsirsiz ötüşmədiyini qeyd edib: "İki övladım var. Onlara hər ay orta hesabla 400 manat xərcləyirəm. Körpəyə aylıq 150 manat, digər övladıma isə ən azı 200 manat xərcim çıxır. Aylıq məvacibim isə bu xərcləri qarşılamaqda məhdudiyyətlər yaradır. 380 manat məvaciblə iki uşağın xərcini qarşılamaq, kirayədə qalmaq, ailə saxlamaq çox çətindir".

"4 aylıq övladım ana südü ilə qidalanır. Ana südü ilə qidalanmayan ailələr isə hər həftə süni uşaq qidası üçün azı 50 manat ödəməli olurlar. Qidadan asılı olaraq, bu qiymət dəyişə də bilər" – deyə o əlavə edib.

Gənc alim uşaq pulunun verilməsi ilə bağlı bəzi təkliflər də irəli sürüb: "Valideynlərin əmək haqqından asılı olmayaraq, hər uşağa görə uşaq pulu aylıq 100 manat, doğuşa görə birdəfəlik müavinətin miqdarı isə minimum 1000 manat olmalıdır. Bunun üçün də yaxşı olardı ki, ailələrə kart verilərdi və aylıq məbləğ o karta yüklənərdi. Valideyn də rahatlıqla bankomatdan o pulu alaraq uşaqlarına xərcləyərdi. Bu təcrübə tətbiq edilsə, ortada korrupsiya faktları da olmayacaq".

AMEA-nın elmi işçisi düşünür ki, uşaq pulunun ləğv edilməsinin mənfi fəsadlarından biri də bu gün Azərbaycan ailələrinin az övlada üstünlük vermələridir: "Uşaqların qida, ləvazimat və geyimlərinin baha olması ilə əlaqədar olaraq bu gün gənc ailələrdə bir və ya iki uşaq doğulur. Heç bir valideyn üçüncü övlada sahib olmağı arzulamır".

Ə.Vəliyev onu da vurğulayıb ki, ailələrdəki maddi sıxıntı uşaqların sağlamlığına, xüsusən də boy faktoruna da ciddi zərbə vurur: "Azərbaycan Pediatriya İnstitutunun açıqladığı rəqəmlərə görə, ölkəmizdə uşaqların boy artımında 6 faiz gecikmə var. Həmin rəqəmlərə görə, uşaqların 55 faizi ana südü ilə qidalanmır. Avropada isə son illərdə insanların boyunda 11 faiz artım olub. Avropada orta boy 179 sm, ölkəmizdə isə 172 sm-dir. Ana südü ilə qidalanmamanın əsas səbəbi isə gənc anaların uşaqlarının gündəlik tələbatını ödəmək üçün işləməyə məcbur qalmalarıdır".

Məcburi dövlət sosial sığorta haqları ilə bağlı islahat aparılacaq

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin üzvi, millət vəkili Dilarə Cəbrayılova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq bu məsələ ilə əlaqədar işçi qrupu yaradılıb: "Lakin aylıq uşaq puluna görə nə qədər büdcənin ayrılacağı barədə heç nə deyə bilmərəm. Yəqin ki, uşağın minimal tələbatını ödəməyə yetəcək qədər vəsait olacaq. Bir millət vəkili kimi, bu müavinətlərin yenidən bərpa olunmasının tərəfdarıyam".

Məsələyə "Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın da münasibətini öyrəndik. O qeyd etdi ki, bu məsələ Milli Məclisdə dəfələrlə müzakirə olunub: "Düşünmürəm ki, uşaq pulu tamamilə dayandırılacaq. Lakin təəssüflər olsun ki, uşaq pulunun bərpası üçün normal format və məbləğ müəyyən edilməyib".

M.Zeynalova bu məsələdə dövlət büdcəsinin nəzərə alınmasının vacibliyini vurğuladı: "Bu gün Azərbaycanda doğum artımı normaldır. Azərbaycanda doğumla bağlı problem olmadığı üçün düşünürəm ki, daha yüksək məbləğlər təklif oluna bilməz. Əks halda, 10-12 uşaqlılığa həvəs artar, ailələr yalnız dövlət büdcəsindən dolanmağa qərar verərlər. Hər uşağa görə 10 min verilsə, o zaman dövlət büdcəsində vəsait də qalmaz".

M.Zeynalova bu problemin həlli üçün optimal məbləğin müəyyən edilməsinin vacibliyini vurğulayıb.