BAKI, 8 noyabr — Sputnik. Beynəlxalq fotoqrafiya, rəssamlıq və dizayn müsabiqəsi olan "The Golden Turtle — 2018"-in münsiflər heyəti bu ilin qaliblərini müəyyən edib. Bu il müsabiqədə rekord sayda adam iştirak edib: 110 ölkədən 2000 müəllif.
Bu günlərdə Moskvada keçirilən Beynəlxalq Vəhşi Təbiət Festivalı "The Golden Turtle" ("Qızıl tısbağa") çərçivəsində vəhşi təbiəti əks etdirən ən yaxşı fotoların və əl işlərinin nümayişi baş tutub.
Hər bir fotoda balaca tarix gizlənib. Heyvanların və təbiətin fotolarını çəkmək həm çətin, həm də zəhmət tələb edən işdir. Eksklüziv kadrlar əldə etmək üçün fotoqraflar okeanın dibinə eniblər, vəhşi heyvanların olduğu safariyə səyahət ediblər, heyvanları hürkütməmək üçün həftələrlə vaxt sərf ediblər.
Fotolar təkcə münsiflər tərəfindən qiymətləndirilməyib, eyni zamanda ciddi ekspertizadan keçirilib ki, fotoqraflar heyvan və vəhşi təbiətlə nə dərəcədə etik davranıblar.
"Qızıl tısbağa" festivalı BMT-nin biomüxtəlifliyin qorunub saxlanılması üzrə səfiridir. Başlıca şüarı "Təbiətin sənət vasitəsilə qorunması" olan festivalın məqsədi bizim dünyanın bütün gözəlliklərini, müxtəlifliyini və qiymətsiz olduğunu göstərməkdir. İştirakçıların işləri isə tamaşaçılara ətraf aləmin gözəlliklərini yeni bir şəkildə görmək və onun mühafizəsi barədə düşünmək imkanı verir.