BAKI, 9 noyabr — Sputnik. Hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, ötən gün dünyasını dəyişən Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, vida mərasiminə mədəniyyət naziri Əbülfəz Qarayev, mərhumun yaxınları, ailə üzvləri, sənət yoldaşları qatılıblar.
İştirakçılar arasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri Azərpaş Nemətov, Bakı Bələdiyyə Teatrının aktyorları Hüsniyyə Mürvətova, Tural Baxış, tanınmış aparıcı Hacı Nuran və digər sənət adamları var.
Vida mərasimi Amaliya Pənahovanın səsləndirdiyi "Gecikmiş məhəbbət" şeiri ilə başlayıb. Daha sonra Xalq artistinin müxtəlif ifaları təqdim olunub.