MƏDƏNİYYƏT

Sabiq millət vəkili: "Yusif Amaliyanı çox sevirdi"

"Heydər Əliyev Amaliyaya dedi ki, İlham Əliyevi də rəqsə dəvət etsin"
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 9 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında onkoloji xəstəlikdən dünyasını dəyişən Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilib. Sputnik Azərbaycan-a danışan sabiq millət vəkili, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, professor Əli Əlirzayev ailə münasibətlərindən söz açıb:

"Amaliya xanımla 1964-cü ildən tanışıq. Yusif Muxtarovla birgə xəstəxanada yatmışdıq. O zaman onlar ailəli deyildi. Bu müdətdə Amaliya tez-tez Yusifin yanına gedib, gəlirdi. Amaliya ilə münasibətləri haqda soruşdum. Dedi ki, bacımdır. Sonra günlərin bir günü onları sevgili kimi şəhərdə gördüm. Yusif Amaliyanı çox sevirdi. Hər gün səhər tezdən Mərdəkandan Milli Məclisə aparıb, gətirərdi. Son bir ilədək tez-tez ona baş çəkərdim. Lakin nədənsə son zamanlar görüşə bilmirdik".

"Naxçıvanın 70 illiyində birgə Naxçıvana getmişdik. O zaman millət vəkili yox, sadəcə Xalq artisti idi. Tədbirdən sonra təşkil olunan şənlikdə o zamankı prezident Heydər Əliyevin köməkçisi Amaliya Pənahovaya yaxınlaşdı. Ona prezidenti rəqsə dəvət etməyini tapşırdı. Amaliya Pənahova ilə Heydər Əliyev oynadı. Biz də oynayıb, çəpik çaldıq. Daha sonra Heydər Əliyev Amaliyaya dedi ki, İlham Əliyevi də rəqsə dəvət etsin" – deyə Ə.Əlirzayev əlavə edib.