BAKI, 8 noyabr - Sputnik. "Əlilin təkrar olaraq iki komissiyadan keçməsinə ehtiyac yoxdur. Onsuz da Səhiyyə Nazirliyinin tibb müəssisələrində bunlar əyani müayinədən keçirlər, həkim bunları müayinədən keçirir. Bizim tibbi-sosial ekspert komissiyalarımızın heç bir tibbi avadanlığı yoxdur. Vizual olaraq əlilliyin müəyyənləşdirilməsi neqativ hallara şərait yaradan bir amildir və biz bunu aradan qaldırdıq. Müayinəni tam aradan qaldırmağa imkan yaradan bir proqram təminatı ortaya qoyduq".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
O, bildirib ki, bu sistem növbəti illərdə təkmilləşdiriləcək: "Pensiya təminatı sistemimizdə əlillərin sayı 30 faizin üzərindədir. Bu, dünyanın heç bir ölkəsində yoxdur. Bunların sırasında 2-ci, 3-cü qrup əlillərin sayı əhəmiyyətli dərəcədə böyükdür. Çünki onlar ona görə bu əlilliyi alıblar ki, pensiya təminatından istifadə etsinlər. 2017-ci ilin iyulun 1-dən qanunvericiliyə edilən dəyişikliyə görə, artıq 2-ci, 3-cü qrup əlillər bu imkanı əldə etmirlər. Həmin şəxslər də minimum sığorta kapitalını yığmasalar, onlara heç bir pensiya təminatı təyin edilməməlidir. Və bu gün statistika onu göstərir ki, 2-ci, 3-cü qrup əlilliyin təyinatı demək olar ki, yoxdur".
Nazir müavini deyib ki, daha çox 1-ci qrup əlillər artıb: "Amma orada da müəyyən mənfi hallar var. Onun qarşısını almaq üçün də araşdırma aparırıq. Kimin hüququ çatmırsa, əlilik yanlış təyin edilibsə, biz onları bir daha müayinədən keçiririk. Yəni, bu, proses davamlı xarakter daşımalıdır".