Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 9 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında onkoloji xəstəlikdən dünyasını dəyişən Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilib. Sputnik Azərbaycan-ın xəbərinə görə vida mərasimində aktrisanın sənət yoldaşı, Xalq artisti Hacı İsmayıl onunla bağlı xoş təəssüratlarından danışıb:
"Bu gün əlində gül dəstəsi olan ağbirçəyin gözüyaşlı səhnəyə boylanması elə Amaliya Pənahovaya olan böyük sevginin bir nümunəsidir. Sevgi budur. Bu sevgi olduqca, sənət də yaşayacaq. Çünki bir aktyorun ömrünün uzunluğu onun rollarının uzunömürlülüyü ilə ölçülür. Amaliya xanımın rolları yaşayırsa, o da yaşayır".
"Bir insan nə qədər qürurlu və möhkəm ola ki, xəstə olduğunu bildirməyə?! O son günlərdə xəstəxanadan teatra, teatrdan da xəstəxanaya gedirdi. Onun ömrünün son günlərinin əsas marşrutu teatr xəstəxana arasında dəyişirdi" — deyə H.İsmayıl əlavə edib.