SƏHİYYƏ

"Quş qripi" ilə bağlı monitorinqlərə başlanılır

Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir
Sputnik

BAKI, 8 noyabr — Sputnik. Köçəri quşların payız miqrasiyasını nəzərə alaraq, noyabrın 12-dən növbəti monitorinqə start veriləcək. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Baytarlıq Xidmətindən məlumat verilib.

Məlumata görə, monitorinq DBX-nin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.

Tədbirin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli qoruq və parklarda, eləcə də ölkənin digər ərazilərində həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.

Ölkə ərazisində köçəri və ev quşları arasında aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyət üçün açıqlanacaq.

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda "quş qripi" və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyatı qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.