BAKI, 8 noyabr — Sputnik. Bu gün Bakı Metropolitenində daha bir qatarda problem yaranıb. Nəticədə sərnişinlər qatardan düşürülüb. Hadisə "28 May" metrostansiyasında baş verib.
Yaranmış problem ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlama verib.
Qurumun sözçüsü bildirib ki, qatarda texniki problem yaranıb və qatar stansiyadan birbaşa depoya göndərilib: "Həzi Aslanov"dan "Dərnəgül" istiqamətində hərəkət edən qatarlardan birində texniki nasazlıq yaranıb. Qatar "28 May" stansiyasında saxlanılıb və sərnişinlər dərhal qatardan çıxarılıb. Hələlik nasazlığın hansı səbəbdən yarandığı bəlli deyil".
"Ümumilikdə, qatarların intervalında beş dəqiqəyə qədər yubanma olub. Hazırda bütün stansiyalarda qatarların intervalı normalara uyğun şəkildə bərpa edilib"- deyə B.Məmmədov əlavə edib.