BAKI, 8 noyabr — Sputnik. Bu gün səhər saatlarında Bakının Nizami rayonu ərazisində, Qara Qarayev prospektində süpürgəçi qadın vurulub. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ BDYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, 90 DX 135 dövlət nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü tərəfindən, həmin ərazidə təmizlik işləri aparan, 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızı vurulub: "Qəza sürücü Şirinov Morğun Yavər oğlu tərəfindən törədilib. Baş vermiş hadisə bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi açılıb və araşdırma aparılır".
"Qəza nəticəsində süpürgəçi həyatını itirib. Hadisənin baş verməsinə səbəb hərəkət istiqamətində diqqətsizlikdir" — V.Əsədov bildirib.
Xatırladaq ki, bu, Bakıda ilk süpürgəçi vurulması hadisəsi deyil. Bundan əvvəl də bir neçə dəfə analoji hadisələr baş verib.