Bayraq gününə həsr olunmuş festival keçirildi

Sputnik

BAKI, 8 noyabr - Sputnik. Bu gün Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "9 noyabr-Azərbaycan respublikasının dövlət bayrağı günü"nə həsr olunmuş beşinci bayraq festivalı keçirilib. Tədbir Azərbaycanın himni sədaları ilə başlayıb. Sonra gənclər vətəni qorumaq üçün and içiblər.

Tədbir “Səma” rəqs qrupunun çıxışı ilə davam edib. Festival boyu bacarıqlı gənclər canlı şəkildə öz məharətlərini göstəriblər.

Sonra Aprel döyüşlərində iştirak edənlər səhnəyə dəvət olunub. Onlar tamaşaçıların alqışları ilə qarşılanıblar.

Məryəm Şabanova səsləndirdiyi musiqilərlə festival iştirakçılarını əyləndirib. Festival musiqilərlə davam edib.

Tədbirdə çıxış edən Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, bu, artıq beşinci bayraq festivalıdır: “Festivalı keçirməkdə məqsədimiz gənclər arasında vətənpərvərlik hislərini aşılamaqdır. Eyni zamanda bu il Cümhuriyyətin 100 illiyidir və bayrağımızın 100 yaşı tamam olur. Məhz bu festival da digərlərindən bununla fərqlənir”.