CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hökumətdən müsbət reaksiya: Saytlara maliyyə yardımı ayrıla bilər

Millət vəkili: "Reklam bazarının olmamasından istifadə edən ayrı-ayrı qruplar bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir edir, böhtan atırlar"
Sputnik

BAKI, 7 noyabr - Sputnik. Milli Məclisdə onlayn mediaya 1 milyon manat dəstək ayrılması təklif edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu təkliflə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov parlamentdə aparılan büdcə müzakirələri zamanı çıxış edib.

"Dəfərlərlə parlamentin iclaslarında onlayn media ilə bağlı fikirlərimi səsləndirmişəm. Hazırda vəziyyət o yerdədir ki, reklam yoxdur. Bundan da istifadə edən ayrı-ayrı qruplar bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir edir, böhtan atırlar" - deyə millət vəkili bildirib.

O əlavə edib ki, onlayn mediaya dəstək məqsədilə büdcədən vəsait ayrılmalıdır: "Onlayn mediaya 1 milyon manat ayrılmasını təklif edirəm və bu, büdcə üçün elə də böyük rəqəm deyil. Bu, reklam bazarı formalaşanadək olmalıdır".

Maliyyə naziri Samir Şərifov millət vəkili Əflatun Amaşovun təklifinə cavab olaraq deyib ki, mediaya dəstək məsələsinə baxıla bilər: "Bu məsələlərə, o cümlədən müəyyən vergilərdən və ƏDV-dən azad olunması məsələsinə baxarıq".