İQTİSADİYYAT

"Manatın vəziyyətini 2 amil müəyyənləşdirir, onlara diqqət edin"

"Öncədən proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələb yüksələcək"
Sputnik

BAKI, 7 noyabr — Sputnik. "Maliyyə nazirinin "qonşu ölkələrdə milli valyutaların dəyərsizləşməsi manata təzyiqi artırır" fikiri nədən xəbər verir? Əslində, bu, bizim uzun müddət gündəmdə saxladığımz fikirin rəsmi dəstəklənməsidir: manatın kursu yalnız neftin dünya bazar qiymətindən deyil, eləcə də qeyri-neft ixracatımızda əsas tərəfadşlarımızın, xüsusən də Rusiya rublunun vəziyyətindən asılıdır".

Mərkəzi Bank bu günün məzənnəsini açıqladı

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, neftin qiyməti manatın məzənnəsi üçün vacib olsa da, aqrar məhsullarımızın 90, ümumi qeyri-neft ixracatımızın 34 faizinə sahib olan şimal qonşumuzun valyutasının dəyəri bizim üçün az əhəmiyyətli deyil.

"Eyni zamanda, rəsmi statistikaya əsasən, mədən sənayesi ümumi məşğulluğun cəmi 1 faizini formalaşdırır. Fərqli metodologiyadan istifadə olunsa belə, neft sektorunun məşğulluqda payı 2 faizdən çox deyil. Bu isə, o deməkdir ki, məşğulluğun 98 faizi qeyri-neft sektorunda formalaşır" - ekspert bildirib.

"Doğrudur, bu məşğulluğun, təxminən 40 faizi büdcə ayırmaları hesabına formalaşsa da, yenə də qeyri-neft ixracatı bizim üçün nəinki iqtisadi, həm də sosial baxımdan əhəmiyyətini qoruyub saxlayır. Qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub saxlanması üçün neftdən kənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir" - o, əlavə edib.

V.Bayram hesab edir ki, bu baxımdan qonşu ölkələrdə mill valyutaların kursu bizim üçün əhəmiyyətlidir: "Öncədən proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələb yüksələcək".

Ekspert bildirib ki, bütün hallarda son qərarı Mərkəzi Bank verəcək: "Bütövlükdə, vətəndaşlarımız iki faktora - neftin dünya bazar qiyməti və qonşu ölkələrin, xüsusən də Rusiya rublunun vəziyyətinə diqqət edərək, manata təzyiqin olub-olmadığını müəyyənləşdirə bilərlər".