Milli Məclisin komitələrində 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi davam edir

Gələn il vergi sahəsində bir sıra vacib dəyişikliklərin baş verməsi nəzərdə tutulur
Sputnik

BAKI, 7 noyabr - Sputnik. Noyabrın 7-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman, Regional məsələlər komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, iclası Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova açıb.

Daha sonra maliyyə naziri Samir Şərifov çıxış edərək bildirib ki, növbəti 3 il üçün əsas iqtisadi parametrləri təqdim etmişik: "Gələn ilin büdcə layihəsi, eyni zamanda, dünyada və regionda baş verən geosiyasi prosesləri və iqtisadi dəyişiklikləri nəzərə almaqla tərtib olunub. Bu zaman dünya iqtisadiyyatında iqtisadi artımın bərpa prosesləri nəzərə alınıb. Növbəti illərin dövlət və icmal büdcələri yeni qəbul olunmuş büdcə qaydasına müvafiq olaraq hazırlanacaq. Büdcə layihəsində bir barel xam neftin satış qiyməti 60 dollar səviyyəsində qəbul edilib".

Onun sözlərinə görə, gələn il vergi sahəsində bir sıra vacib dəyişikliklərin baş verməsi nəzərdə tutulur. Söhbət böyük vergi dəyişikliklərindən gedir.

Xatırladaq ki, büdcə zərfi komitələrdə müzakirə edildikdən sonra layihənin parlamentin plenar iclasına tövsiyə olunacağı gözlənilir.

Qeyd edək ki, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə isə 768,5 mln. manat və ya 3,5% çoxdur.

2019-cu il dövlət büdcəsinin xərcləri 24 780,1 mln. manat məbləğində olmaqla 2018-ci ilin proqnozu ilə müqayisədə isə 1680,1 mln. manat və ya 7,3% çox proqnozlaşdırılıb.