HADİSƏ

Cənub bölgəsini sel aparır

Köməksiz vəziyyətdə qalmış 21 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
Sputnik

BAKI, 7 noyabr — Sputnik. Noyabrın 5-6-sı tarixlərində gecə saatlarında Respublikanın bəzi cənub rayonlarında yağan leysan xarakterli yağışlar nəticəsində Astaraçay çayında suyun səviyyəsi artıb, Astara rayonunun Rudəkənar kəndində bəzi ərazilər daşqın və yağış suları ilə dolub.

Qərb bölgəsində yağan güclü leysan ciddi fəsadlar törədib

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlərlə əlaqədar olaraq, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq qüvvə və texnikası hadisə rayonuna cəlb olunub.

Rayonun Rudəkanar kəndində həyətyanı sahələrin su ilə dolması səbəbilə köməksiz vəziyyətdə qalmış 21 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Hazırda Astaraçay çayının Rudəkənar kəndindən keçən hissəsində bəndbərkitmə işləri aparılır. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri bəndbərkitmə işlərinin aparıldığı ərazidə növbə çəkirlər.