CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cənub bölgəsində fövqəladə vəziyyət - Bütöv bir kənd su altında qaldı

Köməksiz vəziyyətdə qalan 35 ailə FHN əməkdaşları tərəfindən təxliyyə edilib
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 7 noyabr — Sputnik. Son günlər yağan intensiv yağışlar respublikanın Cənub zonasında bir sıra çaylarda suyun səviyyəsinin kəskin artmasına səbəb olub. Ötən gün bölgəyə yağan leysan yağışları nəticəsində isə Astaraçay öz məcrasından çıxaraq Astara rayonunun Rüdəkənar kəndini basıb.

Cənub bölgəsini sel aparır

Kənd sakini Nazim Hüseynovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, analoji hadisə ilə ötən il də qarşılaşıblar: “Gecə həyətə düşüb gördüm ki, həyəti su basıb. Keçən il də həyətimizi su basdığı üçün yeni quyu qazdırmışdım. Dünən gecə leysandan sonra sel gəldi, təzə qazdığım quyu da doldu. Həyət tamam su içərisindədir, heç yerə getmək olmur. Bu gün uşaqlar da məktəbə gedə bilməyiblər. Evin birinci mərtəbəsində yığdığımız bütün ərzaq məhv olub. Gecə 5-6 baş toyuq-cücəni tapıb, evə çıxara bildim, qalanlarını sel apardı”.

Kəndi su basandan sonra kənd sakini Ramiz Rzayevə məxsus evin bir divarında çatlar əmələ gəlib: “Gecə gördük ki, sel gəlir, avtomobilimizi, heyvanları və toyuq-cücəni həyətdən çıxartdıq. Kəndin əsas su kanalı evimizin böyründən axır. Gecə bütün həyəti su basmışdı, evin zirzəmisi tamamilə su ilə dolu idi. Səhər sular çəkiləndən sonra gördüm ki, evin bir hissəsində divarlarda və evin arxa hissəsində bünövrədə çatlar əmələ gəlib. Ötən il də belə subasma olmuşdu. Yerli hakimiyyət orqanlarına müraciət etmişəm ki, kanalın həyətimdən keçən hissəsində öz vəsaitim hesabına beton bərkitmə işi aparmağa icazə versinlər. Lakin müraciətim hələ də nəticəsiz qalıb”.

Kəndin digər sakini Ağa Səfərov isə kəndin çox hissəsində su səviyyəsinin 80 sm, 1 metrə yaxın olduğunu dedi: “Axşam əvvəlcə leysan yağdı, sonra yavaş-yavaş su gəlməyə başladı. Sonra isə gördük ki, suyun səviyyəsi təxminən 1 metrə yaxın qalxıb. Mən heyvan saxlamıram, amma qonşularımızda ev quşları saxlayanların toyuq-cücəsini sel aparıb. Bəzi qonşuların evlərinin 1-ci mərtəbəsini tamam su basmışdı. Aşağı mərtəbədə olan bütün mebelləri, bütün məişət əşyaları, hətta sənədlər məhv olub. İndi onlar hamı suyun içindədir”.

Yaranmış problemlə bağlı görülən işlər haqqında isə İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Vahab Vahabov Sputnik Azərbaycan-a bildirib ki, ötən gün axşam saatlarında Astaraçayın öz məcrasından çıxaraq daşması nəticəsində rayonun Rüdəkənar kəndini sel suları basıb: “Dərhal rayon Fövqəladə Hallar Komissiyasının və FHN-nin Lənkəran Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb ediliblər. Onların köməkliyi ilə kənddə həyətləri və evlərinin zirzəmiləri su altında qalan 35 köməksiz ailə ərazidən təxliyə edilərək qohumlarının evlərinə yerləşdiriliblər”. 

Qeyd edək ki, bu gün sel suları qismən azalsa da, bəzi sakinlərin həyətlərində su qalmaqdadır. Təbii fəlakətdən ziyan çəkmiş sakinlər dəymiş ziyanla bağlı müvafiq köməkliyin göstəriləcəyinə ümid edirlər.