HADİSƏ

Külli miqdarda brilyant qaşlar aşkarlanıb

Hazırda faktla bağlı araşdırma aparılır
Sputnik

BAKI, 6 noyabr — Sputnik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda brilyant qaşların gömrük nəzarətindən gizli şəkildə ölkəyə gətirilməsinin qarşısı alınıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Xidmətindən məlumat verilib.

Məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı İsmayılov Aqil Əsfəndiyar oğluna məxsus əl yükü Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalının gəliş zalındakı rentgen cihazından keçirilən zaman, monitorda şübhəli əşyaların təsvirlərinin əks olunması gömrükçülərin diqqətindən yayınmayıb. Buna görə də sərnişin saxlanılaraq onun əl yükündə təkrar yoxlama aparılıb.

Yoxlama zamanı əl çantasının alt hissəsinin plastik örtüyü sökülüb və oradakı boşluqda yapışqan lentlə üzlənmiş 3ədəd şəffaf polietilen bükümlərin yerləşdirildiyi müəyyən edilib. Həmin bükümlərdəki 12 ədəd polietilen paketlərdən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan, ümumi çəkisi 105,0 qram təşkil edən brilyant qaşlar aşkar olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.