BAKI, 6 noyabr — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahu israilliləri öldürən fələstinlilərin edam edilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, baş nazir hər hansı bir səbəbin bu qanun layihəsini əngəlləməyəcəyini bildirib: “Daxili kəşfiyyatın və ordunun bu cür edam cəzasına qarşı çıxması parlamentdə qanun layihəsinin qəbuluna əngəl törətməyəcək”.
Qanun layihəsinin qəbulu üçün iki səsvermə keçiriləcək.
Qeyd edək ki, İsraildə sivil məhkəmələr tərəfindən bu vaxtadək edam cəzası ilə bağlı heç bir qərar verilməyib. Hərbi məhkəmə tərəfindən isə yalnız bir dəfə - 1962-ci ildə edam cəzası ilə bağlı qərar verilib.
Xatırladaq ki, uzun müddətdir müzakirələrə səbəb olan qanun layihəsi ilkin mərhələdə - 2018-ci il yanvarın 3-də 52 faiz səslə qəbul edilmişdi. İsrailin təhlükəsizlik orqanlarının edam qərarına qarşı çıxması bu qanun layihəsinin qəbulunu gecikdirib.