BAKI, 6 noyabr — Sputnik. “Vərəmin diaqnostika, müalicə və profilaktikaslna müasir yanaşmalar” mövzusunda tədbir keçirilib. Tədbirdə vərəmlə mübarizə, onun zamanında aşkarlanması, yeni texnologiyalar, digər ölkələrin təcrübəsi haqda məlumat verilib. Həmçinin Avropa ilə müqayisədə bu gün Azərbaycandakı son durum təqdim olunub. Qeyd olunub ki, bu gün vərəmlə mübarizədə, artım tempinin aşağı olmasında Azərbaycanda bəzi Avropa ölkələrindən daha müsbət nəticələr əldə olunub.
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Sayohat Həsənova isə ikili xəstəliklərdən danışıb: “Statistikaya görə, qeydə alınmış hər 8 vərəm xəstəsindən birində İİV də aşkarlanıb. Əksər xəstələrdə ikili virus aşkarlanır”.
S.Həsənova müsbət göstərici kimi son illərdə vərəmli xəstələrin müalicə günlərinin azaldılmasına diqqət çəkib: “Son illərdə müalicə günlərinin sayı 156-dan 109-a enib. Bu isə çox müsbət göstəricidir. 2016-2020-ci illəri əhatə edən fəaliyyət planlarımızda bu göstəricilərdə daha yüksək nəticələr almağı hədəfləmişik”.