CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağda atçılıq təsərrüfatının açılışı keçirilib

Prezident İlham Əliyev müəssisənin rəmzi açılışını bildirən lenti kəsib
Sputnik

BAKI, 5 noyabr — Sputnik. Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev müəssisənin rəmzi açılışını bildirən lenti kəsib.

Kənd təsərrüfatı naziri İnam Kərimov və Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov ölkəmizdə atçılığın inkişafı istiqamətində görülən işlər, kompleksdə yaradılan şərait barədə məlumat veriblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, tipik dağ minik atı olan Qarabağ atlarının əsas üstünlükləri dözümlülük və sahibinə sədaqət hesab olunur. Əsasən qızılı-kürən və kəhər rəngli, ortaboylu, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu nəticələr qazanıb. Belə ki, 1867-ci ildə Fransada keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atı yüksək mükafata, 1869-cu ildə Ümumrusiya at sərgisində “Maymun” ləqəbli at gümüş, “Toхmaq” adlı at bürünc medallara, Хan qızı Natəvanın “Əlyetməz” adlı atı isə attestata layiq görülüb. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılıb, at cinslərinin, o cümlədən Kabardin və Don atlarının cins tərkibinin yaxşılaşdırılmasına təsiri olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə Azərbaycanın qədim milli “Sür-papaq” atüstü oyununa baxıblar.

Dövlət başçısı və xanımı kompleksin tövlələrində yaradılan şəraitlə də tanış olublar.

Dövlət başçısı və birinci xanım kompleksin açıq manejində Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin “Süvarilər” qrupunun nümunəvi çıxışlarına da baxıblar.