BAKI, 5 noyabr — Sputnik. Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərə gəliblər.
Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonda görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
Dövlət başçısı və birinci xanım Ağdam Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsiblər.
Ağdam Muğam Mərkəzi konsert müəssisəsi qismində fəaliyyət göstərəcək. Muğam Mərkəzinin Ağdamda yaradılması çox böyük rəmzi məna daşıyır.
Muğam Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşüblər.
Dövlət başçısı görüşdə çıxış edib.
Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Xalq artisti, tarzən Ramiz Quliyev görüşdə çıxış ediblər.
Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunda əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlət başçısına məlumat verib.
Dövlət başçısına Tərtər-Hindarx avtomobil yolunun 18-41-ci kilometrlik hissəsi və Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun 23-37-ci kilometrlik hissəsində görülən yenidənqurma işləri barədə də məlumat verilib.
Dövlət başçısı Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak ediblər.
Dövlət başçısı “Azərxalça” ASC-nin Ağdam filialının rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində Qarabağın müxtəlif bölgələrində toxunan nadir xalçalara baxıblar.
Dövlət başçısı və birinci xanım xalçaçılarla görüşüblər.
Sonra birinci xanım Mehriban Əliyeva müəssisədə toxunan ilk xalçanı kəsib.