Nigar Məhərrəm
BAKI, 5 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində, Bakıda məhbusların qaçmasına yardım göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Kəngərli çıxış edib. Prokuror çıxışında təqsirləndirilən müğənni Fədayə Laçının 6 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Altı illik həbs cəzasının istənilməsi təklifinə müğənninin bacısı İlahə Fəda da münasibət bildirib. İ.Fəda Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, istənilən qərara tabe olacaqlar: “Biz cəngəlliklərdə, Afrikada yaşamırıq. Dövlətimiz və qanunlarımız var. Bacım, özüm, ümumiyyətlə, qanunlara zidd hərəkət edən kim varsa, cəzasını çəkməlidir. Bacımın səhvi varsa, cəzasını çəkəcək, ədalət yerini tapacaq”.
“Burda nə var? Ölkəmə, dövlətimə, konstitusiyama güvənirəm. Nə qərar verilsə, ona da tabe olacağam. Sizi və ya məni niyə həbs etmirlər? Deməli, bacımın bir səhvi var ki, onu həbs ediblər” - deyə İlahə Fəda əlavə edib.
İ.Fəda bacısı ilə son görüşündən də danışıb: “Bacım yaxşıdır, səhhəti də qaydasındadır. Sadəcə, ədalətin bərpa olunacağını gözləyirik”.
Müğənninin vəkili Türkel Süleymanlı isə, Sputnik Azərbaycan-a bildirib bu məsələ bağlı 07 noyabr 2018-ci il tarixində məlumat verəcək.