BAKI, 5 noyabr — Sputnik. "Mən Fətullayev Hüseynin atasıyam. Oktyabrın 31-i bizə xəbər verdilər ki, oğlunuz itib. Sonradan bizə bildirdilər ki, Hüseyn cinayət törədib. Biz hər gün Hacı Allahverdi ilə əlaqə saxlayırdıq".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kərbəla şəhərində həbsə düşmüş Hüseyn Fətullayevin atası yaydığı video görüntüdə deyib.
O bildirib ki, Hüseynin həbsdən çıxarılması üçün "Salam Tur" şirkətinə müraciət ediblər. Şirkət Hüseynin həbsdən azad edilməsi üçün yardım etməyə çalışır: "Hazırda bizdən zərərçəkmişlər 6700 dollar pul istəyirlər".
Xatırladaq ki, Masallı şəhərindən Kərbəla ziyarətinə gedən 1998-ci il təvəllüdlü Fətullayev Hüseyn İltimas oğlu İraqda həbs olunub.
H.Fətullayevin yaxınlarının sözlərinə görə, 2 gündür ki, o, həbsdə saxlanılır: "Orada Hüseynin vəziyyəti yaxşı deyil. Oranın qanunlara görə, həbsxanada yemək də verilmir, yalnız gün ərizində 2 dəfə şərbət verilir. Təbii ki, fiziki cəhətdən bir insanın buna dözümü də çox tab gətirə bilməz".