İrana böyük məşəqqət vəd edən "çarx" işə düşdü

Yeni sanksiyaların tətbiqi ilə əlaqədar minlərlə iranlı "Amerikaya ölüm" şüarı ilə küçələrə çıxıb
Sputnik

BAKI, 5 noyabr — Sputnik. ABŞ İrana qarşı sanksiyaların ikinci mərhələsini nəzərdə tutan 6 maddəni açıqlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, cari il may ayında İranla bağlanan sazişdən imtina edən ABŞ prezidenti Donald Tramp İrana qarşı iki mərhələli saksiyalara başlayacaqları bəyan etmişdi.

Ekspert İrana qarşı sanksiyaların Azərbaycana təsirlərini açıqladı

90 günü nəzərdə tutan ilkin mərhələnin başa çatmasından sonra, dünən 180 günlük sanksiyalara start verilib. 6 maddəni özündə ehtiva edən sanksiyalar İranın liman operatorları, gəmiçilik, gəmi inşaatı sektorlarını, neft sektorunu əhatə edir.

Neftlə bağlı sanksiyaları nəzərdə tutan ikinci maddə başqa ölkələrin beynəlxalq səviyyədə İrandan neft alınmasının məhdudlaşdırılması haqqındadır. Digər maddə isə, beynəlxalq maliyyə şirkətlərinin İranın Mərkəzi Bankı və müəyyən maliyyə şirkətləri ilə əməkdaşlığı barəsindədir. Sanksiyaların 5 və 6-cı maddələrində sığorta şirkətləri vasitəsi ilə İranın enerji sektorunda müəyyən məhdudiyyətlərin yaradılması nəzərdə tutulur.

Britaniya mediasının yaydığı məlumata görə, ötən gün yeni sanksiyaların tətbiqi ilə əlaqədar minlərlə iranlı "Amerikaya ölüm" şüarı ilə küçələrə çıxıb. Onlar ABŞ-la danışıqlardan birmənalı olaraq imtina edilməsini tələb ediblər.

Bundan başqa, sanksiyaların ikinci mərhələsinə start verilməsi ilə əlaqədar olaraq ötən gün İran hərbi qüvvələri güc nümayişi məqsədilə hərbi təlimlərə start verib. Ağ Ev rəhbəri Donald Tramp da sözügedən təlimlərə münasibət bildirib.

"İrana qarşı sanksiyalar çox güclüdür. Buna baxmayaraq İran bizə qarşı güc nümayiş etdirməkdə davam edir. Sadəcə olaraq onu deyə bilərəm ki, bu, heç də yaxşı addım deyil" - Tramp bildirib.

Rəsmi Vaşinqton tərəfindən sanksiyalarla bağlı yayılan bəyanatda, həmçinin Tehranın radikal fəallarının kiber-hücumlarının, ballistik raket testlərinin və Yaxın Şərqdə aparılan digər terrorçu addımların dayandırılması tələb olunub.