QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanın güc strukturlarının rəhbərləri Azərbaycan ərazisində toplaşıblar

Nikol Paşinyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Bako Saakyanla görüşüb
Sputnik

BAKI, 5 noyabr — Sputnik. Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Bako Saakyanla görüşüb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Paşinyanın Qarabağa səfərinin əsl səbibi bilindi

Məlumata əsasən, görüş zamanı hərbi əməkdaşlıq, təmas xəttində vəziyyət və s kimi məsələlər müzakirə olunub. Görüşdə, həmçinin Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan, müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyan, xarici işlər naziri səlahiyyətlərini icra edən Zöhrab Mnatsakanyan, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan və Baş Qərargah rəisi Artak Davtyan iştirak edib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu günlərdə Ermənistan, eləcə də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə, həmçinin Azərbaycana səfər ediblər.

Həmsədrlər oktyabrın 29-dan noyabrın 2-dək Cənubi Qafqaz regionuna səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar. Səfərin əsas məqsədi kimi MDB-nin Düşənbədə keçirilən zirvə görüşü çərçivəsində Azərbaycanla Ermənistan liderləri arasındakı danışıqların nəticələrini müzakirə etmək, sülh prosesində bundan sonra atılacaq addımları müəyyənləşdirmək olduğu göstərilir.

Onlar səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşlər keçirib, Ağdam rayonu ərazisində, Azərbaycan - Ermənistan qoşunlarının təmas xəttindəki növbəti monitorinqdə iştirak edib, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Qızıl Aypara Cəmiyyəti, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri ilə vəziyyəti müzakirə ediblər.

Həmsədrlərlə görüşlər zamanı hər iki ölkənin liderləri təmas xəttindəki vəziyyətin xeyli səngidiyini təsdiqləyiblər. Həmçinin, Azərbaycanla Ermənistanın xarici işlər nazirlərinin ilin sonunadək görüş keçirmək barədə razılığa gəldikləri də qeyd olunur. Həmsədrlər Vyanada ATƏT-in Daimi Şurasına səfərin yekunları barədə məruzə edəcəklər.