İQTİSADİYYAT

Növbəti ildən etibarən dövlət büdcələri yeni qaydada hazırlanacaq

Samir Şərifov: "Neftin qiymətində müəyyən sabitləşmə, artım proseslərinin ölkəmizə müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri nəzərdən qaçırılmamalıdır"
Sputnik

BAKI, 5 noyabr - Sputnik. "Neftin qiymətində müəyyən sabitləşmə, artım proseslərinin ölkəmizə müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri nəzərdən qaçırılmamalıdır".

Gələn ilki büdcə zərfinin müzakirəsinə başlanılıb

Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin birgə komitələrin iclasında büdcə müzakirəsi zamanı deyib. "Qonşu ölkələr və əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması manatın məzənnəsinin dəyərlənməsinə təzyiqləri artırır. Bu, bir tərəfdən yerli istehsalçıların ixrac rəqabətliyinin azalması, digər tərəfdən isə ölkəyə idxalın artım riskini aktuallaşdırır" - deyə nazir bildirib.

Şərifovun sözlərinə görə, xarici makroiqtisadi təhdidlərin iqtisadiyyata təsirinin qarşısının alınması gələn il həyata keçiriləcək monetar və fiskal siyasətin əsas hədəflərindən biri olacaq: "Eyni zamanda, büdcənin sabitliyi, ortamüddütıli dayanıqlılığın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Gələn il dövlət büdcəsinin tərtibindən başlayaraq növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun olaraq hazırlanacaq".