İQTİSADİYYAT

Gələn ilki büdcə zərfinin müzakirəsinə başlanılıb

Ziyad Səmədzadə: "Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı büdcə sistemində edilən dəyişikliklər mühüm rol oynayacaq"
Sputnik

BAKI, 5 noyabr - Sputnik. Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsi zərfinin müzakirəsinə başlanılıb.

İlham Əliyev “Dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər etdi

Sputnik Azərbaycan xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə iclası giriş sözü ilə açıb. Komitə sədri deyib ki, son 15 ildə Azərbaycanın iqtisadi inkişaf nəticələri kifayət qədər möhtəşəm rəqəmlərlə müşayiət olunur: "Qloballaşan dünyada risklərin artdığı bir şəraitdə Azərbaycan dayanıqlığını davam etdirir. Dövlət büdcəsi bu nailiyyətlərin əldə olunmasında mühüm bir vasitədir.

"Büdcə parametləri, göstəriciləri ildən-ilə yaxşılaşır. Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı büdcə sistemində edilən dəyişikliklər mühüm rol oynayacaq. Ölkədə şəffaflığın artırılması istiqamətində aparılan işlər bundan sonra da davam edəcək" - deyə komitə sədri bildirib.

Qeyd edək ki, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə isə 768,5 mln. manat və ya 3,5% çoxdur.

2019-cu il dövlət büdcəsinin xərcləri 24 780,1 mln. manat məbləğində olmaqla 2018-ci ilin proqnozu ilə müqayisədə isə 1680,1 mln. manat və ya 7,3% çox proqnozlaşdırılıb.