SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakı müsəlmanlar üçün önəmli toplantıya ev sahibliyi edib

Elmar Məmmədyarov tədbir iştirakçılarını Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti və onun nəticələri barədə məlumatlandırıb
Sputnik

BAKI, 5 noyabr — Sputnik. Azərbaycan Respublikası "Fələstin Dövlətinin Asiya ölkələrindəki Səfirlərinin Konfransı"na ev sahibliyi edib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tədbirdə iştirak üçün Fələstin Dövlətinin xarici işlər naziri Riad Maliki, Fələstin xarici işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri Mouin Elias Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri, Fələstin Xarici İşlər Nazirliyinin diplomatları ölkəmizə səfər edib.

Konfransın açılışında çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Fələstin tərəfinin müraciəti əsasında Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına ev sahibi qismində çıxış etməkdən məmnun olduğunu qeyd edərək, Azərbaycanın qardaş Fələstin xalqının sülh, sabitlik və dayanıqlı inkişafa nail olmaq yolunda mübarizəsində davamlı dəstəklədiyini vurğuladı. Nazir Məmmədyarov Azərbaycanın Fələstin məsələsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlətli həll prosesini davamlı olaraq dəstəklədiyini ifadə etdi.

Bakı müsəlmanlar üçün önəmli toplantıya ev sahibliyi edib

Ölkəmizin Fələstinlə bağlı bir sıra beynəlxalq tədbirlərə, o cümlədən keçən il BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyanın, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi etdiy tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Habelə, Azərbaycanın Fələstin xalqının çətin günlərində hər zaman yanında olduğu və islam həmrəyliyinə sadiq qaldığı xatırlanaraq, ciddi maliyyə çətinlikləri ilə üzləşən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə cari ilin oktyabr ayında 200,0 min ABŞ dolları məbləğində yardım etdiyi qeyd olundu.

Elmar Məmmədyarov tədbir iştirakçılarına Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti və onun nəticələri barədə məlumat verərək, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılması ilə əlaqədar dörd qətnaməsinin hələ də yerinə yetirilmədiyini vurğuladı.

Nazir tərəfindən, həmçinin tədbir iştirakçılarına Azərbaycanın İƏT çərçivəsində fəaliyyəti, ölkəmizin islam həmrəyliyinı verdiyi mühüm töhfə və bu xüsusda irəli sürülən təşəbbüslər və təşkil olunan tədbirlər haqqında məlumat verildi.

Fələstin Dövlətinin xarici işlər naziri Riad Maliki Fələstin xalqının sülh uğrunda mübarizəsində göstərdiyi davamlı dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə etdi və Bakının Fələstin dövlətinin Asiya ölkələrindəki Səfirlərinin toplantısnın ev sahibliyi etməsinin növbəti dəfə bu dəstəyin bariz nümunəsi olduğunu vurğuladı.