Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 3 noyabr — Sputnik.Ötən gün Şəmkir rayon sakini 71 yaşlı Cavad Cavadova məxsus mülkün keçmiş həyat yoldaşı tərəfindən əlindən alınmasını iddia edən xəbər yaymışdıq. Bu haqda "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirmişdi. Əldə etdiyimiz məlumatda diqqət çəkən digər məqam isə 71 yaşlı kişinin 8 övladından ən kiçiyinin 2017-ci il təvəllüdlü olması idi. Məlumata görə, ilk övladı 2006-cı il təvəllüdlüdür.
Sputnik Azərbaycan Cavad Cavadovla əlaqə saxlayaraq, şikayətini dinləyib.
— Bildiyimizə görə birinci həyat yoldaşınızla əmlak davanız var.
— Birinci həyat yoldaşım Qənirə Əliyeva anamın köhnə damını uçuraraq yurdumu əlimdən alıb. Bu yaşımda məni çöllərə salıb. Məhkəmə pul alaraq onun xeyrinə qərar çıxarıb. Necə əsəbləşməyim, xəstələnməyim? Bu yaşımda idarələri gəzirəm. Təqaüdçü adamam, qazandığımı da yollarda xərcləyirəm. Heç halım da yoxdur. İdarə, təşkilatlardan şikayətliyəm.
— Bakıya gəlməkdə məqsədiniz, istəyiniz nədir?
— Mənim istəyimi siz reallaşdıra bilməzsiniz. Birinci həyat yoldaşım evimi əlimdən alıb. Siz mənə ev alacaqsız? Televiziyalarda bu şikayətlərə necə baxılır, onu da bilirəm. Şikayəti səsləndirməyin heç bir xeyri olmayacaq.
— Xəstəliyiniz nədir?
— Mən xəstə deyiləm, sağlam adamam… Məni xəstələndirən bu təşkilatlardır. Sadəcə olaraq ora-bura qaçmaqdan haldan düşmüşəm. Deyirlər ki, rəngin nə yaman ağarıb. Sağlam adamı belə, xəstə edirlər.
— Birinci həyat yoldaşınızdan olan övladlarınız anaları ilə qalır?
— Nə danışırsız? Mənim nəvəm, nəticəm var orda. Uşaqlarım ərə gedib. Nə atalıq borcum var, onlar üçün etmişəm. Toylarını edib, maşın da almışam. İndi də qədrimi bilmirlər.
— Bizdə olan məlumatda isə qeyd olunur ki, ikinci həyat yoldaşınızdan olan ilk övladınız 2006-cı il təvəllüdlüdür.
— Nə edək indi?
Bu sualdan sonra isə həmsöhbətimiz danışmaqdan imtina etdi.