SƏHİYYƏ

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən çağırış: Gecikmədən peyvənd olunun

Moskva sakinlərini avqustun sonlarında peyvəndə cəlb edirlər
Sputnik

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 2 noyabr – Sputnik. Mövsümi respirator xəstəliklər və qripdən peyvənd olunma mövsümü başa çatmaq üzrədır. Bunu Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyi yanında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Mövsümi xəstəliklərə yoluxmayan vətəndaşlara gec olmadan peyvənd olunmağı məsləhət görən A.Əliyevanın sözlərinə görə, qazanılan müvəqqəti immunitet yaza qədər kifayət edir: "Əgər peyvənd olunan şəxs respirator xəstəliklərə və qripə tutulsa belə, xəstəlik ağır formada deyil, yüngül formada keçəcək".

Eyni zamanda, Əliyeva izah edib ki, Azərbaycanda qrip virusuna qarşı planlı peyvəndləmə keçirilmir: "Lakin vətəndaşlar özəl tibbi müəssisələrinə müraciət edərək bu xidmətdən yararlana bilər. Adətən peyvəndləmə prosesi gec olmadan həyata keçirilməlidir. Lakin hələlik vaxt var".

Azərbaycanda epidemioloji vəziyyətə gəldikdə direktor müavini əmindir ki, vəziyyət sabitdir: "Bundan əlavə, 2017-ci ildən fərqli olaraq bu il insanlar bəzi respirator virusları daha asan formada keçirirlər. Hər həftə Səhiyyə Nazirliyi yayında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə regional mərkəzlərdən məlumatlar daxil olur. Bu məlumatlar göstərir ki, Azərbaycan sakinləri arasında yalnız mövsümi soyuqdəymə xəstəlikləri müşahidə olunur".

"Xəstələrdə qrip şübhəsi olduğu vaxt laboratoriya tədqiqatları üçün yaxmalar götürülür. Oktyabrın 10-dan başlayan araşdırmalar zamanı 60-dan çox biomaterial tədqiq olunub. Lakin hələlik heç bir qrip virusu aşkarlanmayıb" — deyə mütəxəssis vurğulayıb.

Bakıda fəaliyyət göstərən özəl klinikalardan birinin həkim-infeksionisti Vasif Əliyev isə, Sputnik Azərbaycan-a bildirib ki, həm uşaqlar, həm də böyüklər peyvənd oluna bilər: "Qrip əleyhinə peyvənd hər il olunmalıdır. Peyvənd olunarkən bədənin temperaturu arta və iynə vurulan yerdə qızarmalar baş verə bilər, lakin digər ciddi əks göstərişi yoxdur".

Məktəblərdə yoxlama olacaq - Qripli uşaqlar dərsə buraxılmayacaq

Qeyd edək ki, bu gün özəl klinikalarda qrip əleyhinə peyvəndin qiyməti 30 manatdır.

Bu arada, ödənişsiz peyvənd olunma Rusiyada artıq ənənə halını alıb. Məsələn, Moskva sakinlərini avqustun sonlarında peyvəndə cəlb edirlər. 2018-ci ildə də belə olub. Bir neçə milyon insan "qış immunitetini" artıq alıb.

Həkimlər iddia edirlər ki, qripdən xəstələnmə halları daha çox peyvənddən imtina edən şəxslərdə görülür. Bu baxımdan, Rusiyada mövcud olan sözügedən praktikanın Azərbaycanda, xüsusilə də bir neçə milyon əhalinin sıx yaşadığı Bakıda tətbiqi təqdirəlayiq olardı.