HADİSƏ

"Çox danışırsan", "İmkan verin, sözümüzü deyək", "Uzatma" - Milli Məclisdə mübahisə

Millət vəkili: "Bütün günü parlament dəhlizlərində hakimlərdən narazılıq etmirsinizmi?"
Sputnik

BAKI, 2 noyabr — Sputnik. Milli Məclisin bugün keçirilən plenar iclasında deputatlar arasında mübahisə yaranıb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə millət vəkili Zahid Orucun çıxışı zamanı baş verib.

Milli Məclisdə işsizlərlə bağlı təklif

Belə ki, Z.Oruc ölkədə alternativ cəzaların sayının artmamasının narahatlıq doğurduğunu deyib: "Son zamanlar məhkəmələrdə bəraətlə bağlı hansı qərara, hökmə rast gəlinməyib. Alternativ cəzaların verilməsi nəzərdə tutulur. Ən azı 10-a yaxın alternativ cəza növü var. Amma bunlara rast gəlmək gəlmək olmur".

Onun çıxışı bəzi həmkarlarının etirazı ilə qarşılanıb. Və qarşılığında Z.Oruc "Siz nəyə, kimə etiraz edirsiniz? Bütün günü parlament dəhlizlərində hakimlərdən narazılıq etmirsinizmi? İndi nə olub?" cavabını verib.

Bundan başqa, deputat Yevda Abramov "çox danışırsan" replikasını atıb. Z.Orucun da cavabı yumşaq olmayıb. "Yevda müəllim, sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm var. İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin" - deyə o bildirib.

Yaşanan gərginliyə spiker Oqtay Əsədov müdaxilə edib. "Camaata dərs keçmə. Sözü bir kəlmə dedin, uzatmaq lazım deyil" - deyə spiker Z.Oruca irad bildirib.