HADİSƏ

Bakıda uşağın qızıl əmziyi oğurlandı

"Bəşəriyyət kosmosu fəth edir, bizim insanlar isə uşaqları körpəlikdən qızıla alışdırırlar"
Sputnik

BAKI, 2 noyabr — Sputnik. Bakıda maraqlı və kuryoz oğurluq hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov Polis İdarəsindən bildirilib.

Bakıda məsciddən oğurluq edən şəxs barəsində məlumat yayıldı - RƏSMİ

Məlumata görə, noyabrın 1-də sat 19.30 radələrində Gənclik metrostansiyasında yerləşən Gənclik Mall ticarət mərkəzində 2016-cı il təvəllüdlü Aslanov Yusif Elşən oğlunun boynundan asılmış qızıl boyunbağı və ondan asılmış qızıl əmzik naməlum şəxs tərəfindən oğurlanıb. Eyni zamanda, uşağın iki qızıl gözmuncuğu da oğurlanıb. Oğurluq barədə 18-ci polis şöbəsinə uşağın anası, 1993-cü il təvəllüdlü Sevinc Aslanova məlumat verib.

Polisin məlumatına görə, oğurluq hadisəsi ananın başı paltar seçiminə qarışarkən baş verib. O, uşağı həmin vaxt nəzarətsiz qoyub. Hüquq mühafizə orqanlarının əməkdaşları müəyyən edib ki, əmziyin ətrafı qızıl suyuna salınmış olub.

"Bəşəriyyət kosmosu fəth edir, bizim insanlar isə uşaqları körpəlikdən qızıla alışdırırlar. Gülməlidir, amma oğurluq araşdırmalıdır. Biz artıq videonun təqdim edilməsi üçün Gənclik Mall rəhbərliyinə müraciət etmişik və gözləyirik. Hesab edirik ki, körpənin əmziyinin oğrusunu tapacağıq" – deyə Nərimanov Rayon Polis İdarəsindən bildirilib.

Faktla bağlı araşdırma davam edir.