BAKI, 31 oktyabr - Sputnik.Sputnik Azərbaycan Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun müsahibəsini təqdim edir:
– Ceyhun müəllim, bu vəzifəyə təyin olunana qədər müxtəlif qurumlarda, o cümlədən Prezident Administrasiyasında çalışmısınız. Rektor təyin olunanda hansı hissləri keçirdiniz?
– Tələbəlik illərindən özümü həmişə təhsildə, müəllim kimi görürdüm. Azərbaycana qayıtdıqdan sonra, bir müddət “İrşad” İslam Araşdırmaları Mərkəzində çalışdım. 2001-ci ildən 2013-cü ilə qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində işlədim. Əmək fəaliyyətimlə yanaşı, həm də təhsilimi davam etdirirdim – “Xəzər” Universitetində magistratura səviyyəsi üzrə oxuyurdum. Az sonra Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda elmi iş müdafiə etdim. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən ayrıldıqdan sonra, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işlədim. Bir müddət sonra isə Kamal Abdulla müəllimin dəvəti ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində, yəni yenidən dövlət qulluğunda fəaliyyətimi davam etdirdim. Üç ildən artıq müddətdə Kamal müəllimlə bir yerdə fəaliyyət göstərdik.
Sonra iş elə gətirdi ki, tədbirlərin birində Mübariz müəllimlə görüşdüm (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı nəzərdə tutulur – red.). Bu həmin vaxt idi ki, cənab Prezident İlahiyyat İnstitutunun yaradılması haqqında artıq Sərəncam imzalamışdı. Mübariz müəllim məndən tərcümeyi-halımı istədi. Bir müddət sonra isə mənim həmin təhsil müəssisəsinə rəhbər təyin olunmağım barədə namizədliyimi irəli sürmək niyyətində olduğunu dedi. Söhbət əsnasında bu təklifə necə yanaşdığımı və münasibət bildirməyimi öyrənmək istədi. Müəyyən fikir mübadiləsindən bir müddət keçmiş mənə məlumat verdi ki, rektorluq üçün sənədlər Prezident Administrasiyasına göndərilib və namizədlər arasında mənim də adım var. Müəyyən müddət sonra rəhbərlik məni qəbul etdi və cənab Prezidentin Sərəncamı ilə rektor təyin olundum.
– İlahiyyat İnstitutunda nə qədər tələbə təhsil alır?
– Hazırda institutda 103 tələbə təhsil alır. Bu il təhsil müəssisəsinə 65 tələbə qəbul olunub. Eyni zamanda, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsindən müəyyən sayda tələbələr də gəlib. İnstitutda iki ixtisas var – Dinşünaslıq və İslamşünaslıq. Dinşünaslıq ixtisasına 25, İslamşünaslığa isə 35 yer ayrılıb. Builki qəbulda yerlərin tam dolması da məmnunluq yaratdı.
– Tələbələrlə münasibəti necə qurursunuz? Yəni şablon rektor-tələbə münasibəti, yaxud bir qədər yaxın?
– Bir məsələni xüsusi vurğulamaq istərdim. İnstitutda sistemi elə qurmuşuq ki, bütün rəhbər heyət dərs deyir; məsələn: bilavasitə tələbələrlə ünsiyyətdə olur, multikulturalizm fənnini tədris edirəm. Eyni zamanda, iki prorektorumuz dərs deyir. Tələbələrə öz övladlarımız kimi yanaşırıq. Qapım onların üzünə həmişə açıqdır. Gün ərzində bir neçə dəfə auditoriyaları gəzir, tələbələrlə ünsiyyətdə oluram. Bizim elə tələbələrimiz var ki, onlar qayğıya daha çox ehtiyac duyurlar. Onları daim nəzarətdə saxlamağa çalışırıq. İnstitutda elə mühit formalaşıb ki, tələbələr arzu etdikləri vaxt rəhbərliyə, rektorun özünə bilavasitə müraciət edə bilsinlər. İdarəçiliyi düzgün qurmaq, təhsilə töhfə vermək üçün tələbələrlə daim ünsiyyətdə olmağı, onların dərdlərini dinləyib, kömək etməyi başlıca meyar kimi formalaşdırmışıq.
– İlahiyyat İnstitutuna keçid balını Dövlət İmtahan Mərkəzi 150 bala endirdi. Bunun abituriyentlərin və valideynlərin istəyi ilə həyata keçirildiyi bildirildi. Sizcə, bu keçid balı normal mütəxəssislərin hazırlanması üçün aşağı deyil?
– Bizə bu sualı tez-tez verirlər. Bir məsələni unutmayaq ki, Azərbaycan İlahiyyat İnstitutu yeni yaradılıb. İnstitutun tam formalaşması, əhali tərəfindən qəbul olunması üçün zamana ehtiyacımız var. Təsəvvür edin, Sərəncam fevral ayında imzalandı, mən 31 mayda rektor təyin olunum. Qısa zaman kəsiyində qarşımızda bir çox işlərin görülməsi dururdu, hətta ehtimal var idi ki, kifayət qədər tələbə yığa bilməyək. İlk gündən bütün gücümüzü səfərbər edib tələbə toplamağa çalışdıq. Doğrudur, 150 aşağı baldır. Bizim tələbələrin böyük əksəriyyəti 250-300, hətta 350 bal toplayıblar. İnstitutumuza bu il qəbul olunan tələbələrin orta balı 177 civarındadır. Sizə mühüm bir amili də demək istəyirəm ki, tələbələrin dərsə münasibəti, təfəkkürü, düşüncəsi bizi qane edir; əsas odur, onların marağı, həvəsi var. Bu gün biz tələbələrlə işimizi maksimum səmərəli qurmağa çalışırıq.
Daha vacib bir məsələni nəzərə çatdırım; İslamşünaslıq fakültəsi üzrə bizdə 35 yer nəzərdə tutulub, 35 yerə 100 abituriyent müraciət etmişdi. Biz həmin 35 nəfəri seçib instituta daxil olması üçün aidiyyatı prosedurları həyata keçirdik. Bu gün birinci kurs tələbələri bizdə nikbin fikir yaradır. İşimizi düzgün qursaq, bu tələbələrin Azərbaycan dinşünaslığına, islamşünaslığa lazımi töhfə verəcəyini düşünürəm.
– İnstitutda təhsil alan tələbələrin daha yüksək biliyə yiyələnmələri üçün hansı işlər görülür?
– Biz təhsil prosesini iki hissəyə bölmüşük ki, birincisi tədris prosesidir. Bundan başqa, institutda əlavə kurslar yaratmışıq. Bu kurslar, tamamilə, ödənişsizdir. Kurslarda ərəb və ingilis dilləri öyrədilir. Yaxınlarda rus dili kursunun açılacağını planlaşdırırıq.
Azərbaycan İlahiyyat İnstitutunda davamlı olaraq müxtəlif seminarlar, görüşlər, tədbirlər keçirilir. Seminarlar müxtəlif elmi mövzularda olur. Görüşlərdə Azərbaycan yazıçıları, ziyalılar tələbələrlə səmimi ünsiyyət qurur, qarşılıqlı fikir mübadiləsi aparılır.
Önəmli olan cəhətlərdən biri də budur ki, Azərbaycanda fəaliyyət göstərən səfirlərlə tələbələri görüşdürürük. Tələbələrin hazırlanması üçün vacib olan bütün işləri həyata keçiririk. Eyni zamanda, tələbələrin milli-mənəvi dəyərlərə sadiq, sağlam ruhda böyümələri üçün lazımlı tədbirləri görürük. Qarşıdakı ayda tələbələri Cocuq Mərcanlı kəndinə aparmağı planlaşdırırıq. Bundan başqa, tələbələrimizi Azərbaycanın dini abidələri çox olan rayonlara, Bakıda fəaliyyət göstərən muzeylərə, sərgilərə aparmağı da nəzərdə tutmuşuq.
Tədbirlər planımıza müsabiqələrin, bilik yarışlarının keçirilməsi də daxildir. Hesab edirik ki, tədris prosesi ilə bərabər, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün institut lazım olan bütün məsələləri reallaşdırmalıdır.
İnstitutun elmi jurnalını çap etmək niyyətindəyik. Bu jurnalın ildə iki dəfə nəşr olunması nəzərdə tutulur.
– Tələbələrin yataqxana problemini necə həll etməyi planlaşdırırsınız?
– Hazırda institutda təhsil ödənişsizdir və tələbələrə təqaüd verilir. Bundan əlavə, tələbələrə dərs vəsaiti pulsuz paylanılıb. Onlara yeməyin pulsuz verilməsinə çalışırıq; o cümlədən gələcəkdə geyimin də ödənişsiz paylanmasını planlaşdırırıq.
Tələbələrin yataqxana ilə təmin olunması gündəmdə dayanan məsələlərdən biridir. Hazırda bu istiqamətdə işlər aparılır. Biz, ilk növbədə, maddi vəziyyəti, sosial təminatı qənaətbəxş olmayan tələbələrin yataqxana ilə təmin edilməsi barədə intensiv iş görürük. Hesab edirəm ki, yaxın müddətdə bu işlər öz həllini tapacaq. İnstitut müvəqqəti olaraq bu binada yerləşir. Gələn ildən başqa binada fəaliyyətimizi davam etdirməyi planlaşdırırq. İnstitut üçün kampusun yaradılması və tələbələrin bütün ehtiyaclarının tam qarşılanması nəzərdə tutulur.
– Tələbələr üçün vahid geyim forması olacaq?
– Müsəlman və digər ölkələrdə dini təhsilin təcrübəsi var. Adətən, dini təhsil müəssisələrinin bir çoxunda bu sahəyə kompleks yanaşma var – tələbə həm yataqxana, həm də geyimlə təmin olunur. Xaricdə təhsil almaq istəyən tələbələrin bütün ehtiyacı həmin dövlət tərəfindən ödənilir. Əgər həmin ehtiyaclar ödənilməsə, arzuolunan nəticə əldə edilə bilməz. Vahid geyim dedikdə, digər müsəlman ölkələrində olduğu kimi, tələbələrin xüsusi geyim forması nəzərdə tutulur.
Bildiyiniz kimi, bir çox ölkədə din xadimlərinin xüsusi geyimi var. Bu səbəbdən, tələbələrdə bu vərdişin yaranması üçün belə tədbirin həyata keçirilməsi planlaşdırılır.