CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əli Həsənov: "İlham Əliyev şair Mikayıl Müşfiqlə bağlı məsələni şəxsi nəzarətinə götürüb"

Əli Həsənov bildirib ki, Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması barədə yayılan məlumatlar hazırda dövlət başçısının nəzarətindədir
Sputnik

BAKI, 31 oktyabr — Sputnik. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış, Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində yayılan materiallar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətini cəlb edib.

Dövlət başçısı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

Bu haqda AZƏRTAC-a Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məlumat verib.

Əli Həsənov qeyd edib ki, prezident İlham Əliyev həmişə Azərbaycan mədəniyyətinə, mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə repressiya qurbanı olmuş ziyalılarımızın xatirəsinə böyük diqqətlə yanaşıb: "Bunun bariz nümunəsi kimi, dövlətimizin başçısının 2017-ci ilin fevralında Bakının Yasamal rayonu ərazisində keçmiş Statistika dairəsi adlanan yerdə Mikayıl Müşfiqin heykəlinin demontajına münasibətini göstərmək olar. O vaxt cənab Prezident məsələnin araşdırılması, günahkarların cəzalandırılması, heykəlin dərhal öz yerində bərpa olunması ilə bağlı tapşırıq verib, həmin göstərişin qısa zamanda icra olunmasından sonra da heykəli ziyarət etmiş və önünə gül dəstəsi qoyub".

Əli Həsənov bildirib ki, Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması barədə yayılan məlumatlar hazırda dövlət başçısının nəzarətindədir. Əminliklə demək olar ki, məsələnin ciddi araşdırılması ilə bağlı qısa zamanda müvafiq tədbirlər görüləcək və nəticə barədə ictimaiyyətə məlumat veriləcək.