BAKI, 31 oktyabr — Sputnik. Hüquqşünas Ərşad Hüseynov son günlər yük avtomobillərinə cərimə tətbiq edilməsində qanun pozuntularının olduğunu qeyd edib. Sputnik Azərbaycan xəbər verir ki, o bu barədə öz facebook səhifəsində yazıb. Hüquqşünas qeyd edib ki, cərimələri "Yük avtomobillərinin hərəkəti qadağandır" nişanının tələbini pozmaya görə yazırlar: "Prezidentin 1 fevral 2006-cı il № 1255 Sərəncamını və Yol hərəkəti təhlükəsizliyi komissiyasının Bakıya yük avtomobillərinin girişini məhdudlaşdırmaq barədə məlum qərarını da nəzərə alsaq, bu cəriməni 3.4 nişanını ("Yük avtomobillərinin hərəkəti qadağandır") icazə verilən maksimal kütləsi 5 tondan olan artıq yük avtomobillərinə aid olmaqla (üstündə "5 t" yazılmaqla) və qadağan olunmuş müddətdə (8.00-21.00, 7.00-21.00 və ya 7.00-20.00 aralığı göstərməklə) tətbiq etmək lazımdır. Belə olduqda həmin nişanların qoyulduğu yol sahəsinə daxil olan icazə verilən maksimal kütləsi 5 tondan artıq yük avtomobillərinin sürücüləri cərimələnə bilər. Belə nişan olmayan küçələrdə və prospektlərdə isə heç kəsə cərimə yazıla bilməz. Bu qadağa şəhərdən çıxışa aid olmadığı üçün şəhərdən çıxanlara da cərimə yazıla bilməz".
Ekspert qeyd edib ki, başqa bir problem bu məhdudiyyətin hamıya aid olmamasıdır.
"Məlumat üçün deyim ki, hazırda qüvvədə olan qanunvericilikdə məhdudiyyət vaxtı şəhərə buraxılışın hansı əsasla, nə səbəbdən, hansı sənədlərlə və kimə verilə bilməsi nəzərdə tutulmur" — deyə o qeyd edib.