CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda böyük xeyriyyəçilik: Sahibkar sərvətini pulsuz paylayır

Halbuki, o, təmənnasız payladığı tonla meyvədən kifayət qədər gəlir götürə bilərdi
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr — Sputnik. "Qurani-Kərim"də yaxşılıqla bağlı belə bir ayə var: "Yaxşılıq edənlər dünyada və axirətdə mütləq yaxşılıqla qarşılıq görəcəklər". Bu kəlmələrə tez-tez istinad edən Xaçmaz rayonunun Arzu kənd sakini Nazim Məmmədov xeyriyyə işləri ilə məşğul olmaq qərarına gəlib.

Belə ki, onun hektarlarla alma bağları var. Bu il həmin bağlarda məhsuldarlıq yüksək olduğundan almanın qiyməti aşağı düşüb. Nazim dayı da almanın kilosunu 30 qəpikdən satmaqdansa, ehtiyacı olanlara - uşaq bağçalarına, əlil ailələrinə, qocalar evinə, uşaq evlərinə verməyin daha savab iş olduğunu düşünüb.

Azərbaycanda böyük xeyriyyəçilik: Sahibkar sərvətini pulsuz paylayır

N.Məmmədov bu xeyirxah əməli barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb: "Bağımda becərdiyim meyvələri ucuz qiymətə satmaqdansa, ehtiyacı olan insanlara paylamağı daha məqsədəuyğun bildim. Elə insanlar var ki, meyvə üzünə həsrətdir. İstəsələr də, almağa imkanları yoxdur. İndi mənim alma bağımda nə qədər desən, alma var. Əgər kiminsə, həqiqətən ehtiyacı olarsa, gəlib havayı apara bilər".

Nazim dayının bağına qonaq gələn Şabran rayonundakı körpələr evinin daimi sakinləri və onların müəllimləri burada özlərini çox xoşbəxt hiss etdiklərini bildiriblər. Bağ sahibinin bu təşəbbüsü onlar üçün həm təbiətlə tanışlıq, həm də körpələr evinə qış tədarükü görmək baxımından gözəl fürsət olub.

Bu zamanda Nazim Məmmədov kimi səxavətli insanlara çox rast gəlinməz. Almanın qiyməti 30 qəpik olsa belə, o, təmənnasız payladığı tonla meyvədən kifayət qədər gəlir götürə bilərdi. Amma Xaçmazın xeyirxah sakini pul qazanmağı yox, savab qazanmağı seçib. Ümid edirik ki, Nazim Məmmədovun atdığı bu addım həm də imkanlı insanların ürəyinə mərhəmət toxumu səpəcək.