CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gömrüklə bağlı anlaşılmazlıqlara son qoyacaq izahat: Kiməsə güzəşt nəzərdə tutulmayıb

Gömrük borcları 3 il ərzində, müəyyən edilmiş qaydada məcburi tutulur
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr — Sputnik. Bir sıra kütləvi informasiya vasitələrində (KİV) məlumat yayılıb ki, Azərbaycan Respublikası vətəndaşı, 1-ci qrup əlil Tural Əliyevdən, 2016-cı ildə xaricdən sifariş etdiyi əlil arabasına görə gömrük orqanları tərəfindən bir neçə il sonra gömrük rüsumu tələb olunub.

Gömrük rəsmisi "şirinlik vermə" məsələsinə toxundu

Dövlət Gömrük Komitəsindən isə bildirilib ki, xaricdən gətirilən əlil arabalarına görə ödəniləcək gömrük vergi və rüsumları ilə bağlı mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb. Tural Əliyevin 2016-cı ildə gətirdiyi əlil arabası isə, istisna hal kimi, gömrük rüsumu alınmadan rəsmiləşdirilib.

"Son dövrlərdə gömrük sahəsində maliyyə-vergi intizamının daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində gömrük vergi və rüsumlarını ödəməyən şəxs və qurumlara yenidən müraciətlər olunur. Belə müraciətlərdən biri də Tural Əliyevə edilib. Yəni bu istiqamətdə hər hansı qanun pozuntusuna yol verilməyib" – Komitənin məlumatında qeyd olunub.

Vurğulanıb ki, Gömrük Məcəlləsinin 249.1. maddəsinə əsasən, ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur.

Yaranmış anlaşılmazlıqdan məlum olur ki, ölkə vətəndaşlarının əksəriyyəti gömrük rüsumlarının hansı şərtlərlə tətbiq edildiyi barədə məlumatsızdır. Sputnik Azərbaycan-ın oxucularını bu mövzuda maarifləndirmək məqsədilə kiçik bir araşdırma aparmaq qərarına gəldik.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildirdilər ki, gömrük rüsumları "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin (NK) 305 saylı qərarı ilə tənzimlənir.

NK-nın qərarını isə hüquqşünas Səməd Vəkilov təhlil etdi. O, əvvəlcə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, ölkəyə gətirilən qızıl, spirtli içki, brilyant, siqaret norması barədə məlumat verdi.

"Hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 3 litr alkoqollu içki, 600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər" - hüquqşünas vurğuladı.

"Hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları, habelə hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü gətirilə bilər" – deyə o, qeyd etdi.

Vəkilovun sözlərinə görə, fiziki şəxslər xarici valyuta sərvətlərini isə Azərbaycan Respublikasının gömrük sərhəd-buraxılış məntəqələrindən "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının (AR) Qanununa və AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydaya əsasən keçirə bilərlər: "Son məlumata görə, Mərkəzi Bank valyutanın məbləğini 10 min dollar müəyyən edib. Özü ilə xaricə 10 min dollardan daha çox valyuta aparmaq istəyən şəxslərin vəsaiti müsadirə edilir".

"Əlavə məbləği kartla aparmaq mümkündür. Ancaq belə halda da, xarici ölkələrdə pul çıxarılan zaman həmin ölkədəki məzənnə ilə hesablanır və rüsum çıxılır" – deyə S.Vəkilov əlavə etdi.

Hüquqşünasın izahına görə, fiziki və hüquqi şəxslər 10 min ABŞ dolları ekvivalenti məbləğindən əlli min ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı, onun əvvəllər Azərbaycana nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə burada nağd şəkildə çıxara bilərlər.

"Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri on min ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar, poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar gömrük ödənişlərini ödəmədən Azərbaycanın gömrük sərhədindən keçirilə bilər" - deyə müsahibimiz diqqətə çatdırdı.