Azərbaycan çalarlı Gürcüstan seçkiləri: Zurabişvili bizimkilərin niyə xoşuna gəlmədi

Azərbaycan, Rusiya və Gürcüstandan olan ekspertlər azərbaycanlıların Gürcüstandakı prezident seçkilərinə necə təsir etməsindən, həmçinin ikinci turla bağlı gözləntilərini açıqladılar
Sputnik

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr – Sputnik Azərbaycan. Azərbaycanlılar Gürcüstan prezidentliyinə namizəd Salome Zurabişvilinin türklərin ünvanına səsləndiriyi fikirlərlə razılşamırlar. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Gürcüstan parlamentinin "Milli Birlik Hərəkatı" partiyasından olan deputatı Azər Süleymanov bildirib.

Gürcüstan iki yerə bölündü: Zeynəbin qızı Saakaşvilinin xaç anasına qarşı

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Salome Zurabişvili prezident seçkilərində 38,64%, onun əsas rəqibi Qriqol Vaşadze isə 37,74% səs toplayıb. Bununla da prezident seçkilərinin ikinci turu elan olunub. Prezident seçkilərinin ikinci turu dekabrın 2-dən gec olmamaq şərti ilə baş tutmalıdır.

Azərbaycanlılar Zurabişviliyə qarşı

"Gürcüstan tarixində ilk dəfə azərbaycanlılar belə kütləvi şəkildə hakim "Gürcü arzusu" partiyasına müxalif olublar. Onlar ölkənin bütün regionlarında Bidzina İvanişvili əleyhinə və Gürcüstanın dirçəlişinə səs veriblər" - deyə Süleymanov vurğulayıb.

Deputat hesab edir ki, əgər bazar günü keçirilən seçkilərdə saxtakarlıq olmasaydı, onda hər şey elə birinci turdaca Vaşadzenin xeyrinə başa çatardı. O, eyni zamanda vurğulayıb ki, ikinci turda Vaşadzenin qələbəsi qaçılmazdır, çünki artıq bir neçə müxalifət partiyası "Milli Hərəkata" qoşulduğunu bildirib.

Azərbaycanlıların niyə belə kütləvi şəkildə Zurabişviliyə qarşı səs verməsinə dair sualı cavablandıran parlamentari vurğulayıb ki, Zurabaşvilinin türklər barədə kəskin çıxışı azərbaycanlıların narazılığına səbəb olub.

Azərbaycan çalarlı Gürcüstan seçkiləri: Zurabişvili bizimkilərin niyə xoşuna gəlmədi

Sputnik Azərbaycan-ın həmsöhbəti xatırladıb ki, Zurabişvili Axalkalakidə ermənilərlə görüşlər zamanı türklərə qarşı qərəz nümayiş etdirərək ermənilərə olan rəğbətini, sevgisini gizlətməyib: "Bu amil seçkilər zamanı Gürcüstanda yaşayan azərbaycanlıların fikrinə təsirsiz ötüşə bilməzdi".

Müxalifət liderinin yeri hələlik boşdur

Azərbaycanlı politoloq İlqar Vəlizadə də seçkiqabağı kampaniya zamanı Zurabişvilinin Gürcüstanın erməni əhalisi qarşısında səsləndirdiyi fikirləri tələsik səsləndirilən bəyanat kimi dəyərləndirib. Onun sözlərinə görə, bu cür bəyanatlar Gürcüstanın azərbaycanlı icması tərəfindən qeyri-dostyana mövqe kimi dəyərləndirilib. Bu məqam azərbaycanlıların Zurabişvilinin əleyhinə səs verməsində həlledici rol oynayıb.

Həmsöhbətimiz bu məsələdə digər ölkədaxili faktorları axtarmamağa çağırıb. Azərbaycanlılar Zurabaşvilinin rəqibləri olan Vaşadze və digər namizədlərə, onların daha yaxşı platformasının olmasına görə deyil, məhz xanım Salomenin bəyanatlarına görə səs veriblər.

Ekspert vurğulayıb ki, əgər Zurabişvili seçkilərdə qalib gəlsə, onda onun hakimiyyətinin ilk dövrlərində Gürcüstanda siyasi burulğan müşahidə olunacaq. Bu gün ona qarşı olan şəxslər öz ətrafında narazı elektoratı birləşdirməyə cəhd edəcək. Bundan əlavə, birmənalıdır ki, müəyyən hadisələrdən sonra hələ də boş qalan müxalifət lideri postu uğrunda mübarizə başlayacaq.

Politoloq vurğulayıb ki, Gürcüstanda xeyli sayda parlaq müxalif liderlər olmasına baxmayaraq hələlik ölkədə onları birləşdirəcək lider yoxdur: "Həm müxalifət, həm də hakimiyyət seçkilərdən sora parlament seçkilərinə hazırlaşacaq. Məhz parlament seçkiləri Gürcüstanın taleyini həll edəcək".

Eyni zamanda Vəlizadə vurğulayıb ki, Zurabişvili qələbə qazanacağı təqdirdə hakim partiya kart-blanş əldə edəcək: "Faktiki olaraq, hakim partiya qeyri-məhdud resurs əldə edəcək və onun parlament seçkilərinə hazırlığı daha da inamlı olacaq. Vaşadze qalib gələcəyi halda isə hakim partiyanın seçkilərə hazırlığı reytinqinin azalması fonunda baş tutacaq".

Demokratiyaya doğru addım

Seçkilərdə azərbaycanlıların rolundan danışan gürcü ekspert Gela Vasadze bildirib ki, Qardabani istisna olmaqla azərbaycanlıların kompakt yaşadığı regionlarda - Bolnisi, Dmanisi və Marnuelidə seçkilərdə Zurabişvili qalib gəlib: "Burada iki məqam var. Birincisi, seçici fəallığı bu region üçün kifayət qədər aşağı idi. Bu isə o anlama gəlir ki, hökumət bu regionda kifayət qədər həlledici əhəmiyyətə malik səslərdən məhrum olub. İkincisi isə azərbaycanlıların kompakt yaşadığı regionda (Qardabani - red), ümumiyyətlə milli azlığın yaşadığı regionda müxalifət qalib gəlir. Bu, olduqca önəmlidir. Təbii ki, burada Gürcüstanın azərbaycanlı əhalisi arasında böyük nüfuza malik Ramin Bayramovun (Gürcüstan parlamentinin sabiq deputatı, "Milli Hərəkatın" üzvü) yenidən siyasətə qayıtması da öz rolunu oynayıb. Azərbaycanlıların Gürcüstanda seçkilərdə təsiri hiss edilən səviyyədədir".

Azərbaycan çalarlı Gürcüstan seçkiləri: Zurabişvili bizimkilərin niyə xoşuna gəlmədi

Vasadze eyni zamanda prezident seçkilərinin ikinci turunun necə yekunlaşacağını dair fikir bildirməyə çətinlik çəkib. Politoloq vurğulayıb ki, bu Gürcüstanın demokratiyaya doğru atdığı nəhəng addımdır: "İkinci turda həm psixoloji, həm də seçici üstünlüyü Vaşadzenin tərəfindədir. Xüsusilə hakim partiyanın malik olduğu maliyyə, administrativ və siyasi resurslar nəzərə alınsa, Gürcüstanda prezident seçkilərinin ikinci turu özü-özlüyündə gürcü cəmiyyəti üçün görünməmiş haldır. Bütün vasitələrlə malik hakim partiyaya qarşı nəsə irəli sürmək mümkün deyildi. Lakin olanlar oldu. Bu isə ona görə baş verdi ki, artıq dünya dəyişib. Dünya texnologiyalar baxımından dəyişib və gürcü cəmiyyəti daha açıq olub. Bu seçkilərdə siyasi texnoloqlar qalib gəlib. Təbii ki, nəzərə almaq lazımdır ki, müxalifətin olduqca güclü və əvvəlkilərdən daha yaxşı namizədi var idi".

Bu arada politoloq seçkilərin müxalifətin qalib gəlməsinin üç əsas şərtini açıqlayıb.

1) Vaşazdenin qərargahının rəisinin məşğul olduğu təşkilatı işlər;

Gürcüstanda qalibi ikinci tur müəyyən edəcək

2) Vitali Şklyarovun rəhbərliyi ilə siyasi texnoloqlardan ibarət ciddi komanda;

3) "Rustavi 2" telekompaniyası və onun icraçı direktoru Niko Qvaramiya.

Vasadzenin fikrincə bu şəxslər hakimiyyətin öz administrativ və maliyyə resurslarını istifadə edə bilmədiyi sistem yaratdılar: "Hələlik faktiki olaraq Vaşadzenin qələbəsindən danışmaq olmaz. İkinci turda hakim komandanın necə işləməsinə baxmaq lazımdır. Lakin cəmiyyətin yalnız psixoloji vəziyyəti nəzərə alınsa hazırda Vaşadzenin Zurabişviliyə qalib gəlmək üçün daha çox imkan və şanları var.

Narıncı inqilab olmayacaq

"Gürcüstanda azərbaycanlılar sabitləşdirici faktor kimi çıxış edir. Gürcüstan rəhbərliyi, müxalifət kimi ölkənin azərbaycanlı azlığına böyük önəm verir. Bu məsələdə karbohidrogen boru kəmərləri amili heç də həlledici rol oynamır - deyə "İkibaşlı qartal" cəmiyyətinin böyük elmi işçisi, dosent, siyasi elmlər üzrə namizəd Artur Atayev bildirib.

Ekspert izah edib ki, tarixi və siyasi baxımdan azərbaycanlılar bu ölkənin sosial-mədəni landşaftının bir hissəsinə çevrilib: "Seçkilərin özünə gəldikdə isə Zurabişvili erməni cəmiyyətinə simpatiya nümayiş etdirdi. Ola bilsin ki, azərbaycanlıların Vaşadzenin lehinə birləşməsində də əsl səbəb də budur".

Azərbaycan çalarlı Gürcüstan seçkiləri: Zurabişvili bizimkilərin niyə xoşuna gəlmədi

Onun fikrincə, Gürcüstanda vəziyyətin sonrakı inkişafı bir sıra əhəmiyyətli subyektiv və obyektiv faktorlardan asılı olacaq.

O, hesab edir ki, obyektiv faktorlara "Saakaşvili – İvanişvili faktoru" daxildir. Çünki Gürcüstanda baş verənlər iki siyasi faktorun qarşıdurmasıdır: "Subyektiv fikirlərə gəldikdə isə seçkilərdə 25 namizəd iştirak edib, onlardan ikisi də əsas namizəddir. Yerdə qalan 23 namizəd seçkiöncəsi kampaniyanın gedişini və ikinci tur zamanı səsvermənin nəticəsini müəyyənləşdirəcək. Bu klassik formadır. Belə bir halda 1996-cı ildə Rusiyada da olmuşdu, həmin vaxt Alekandr Lebed Boris Yeltsenin qələbə qazanmasında mühüm rol oynayıb".

Gürcüstanda prezident seçkiləri keçirilir

Ekspert vurğulayıb ki, hələlik xarici faktorlar da mövcuddur: "Məsələ bundadır ki, hələlik xarici aktorların simpatiyası müəyyənləşməyib. Gürcüstan daxili siyasətində olduqca önəmli rol oynayan qərb elitası hələlik Zurabişvili və ya Vaşadzeni necə və hansı formada dəstəkləmək məsələsində dəqiq mövqe seçməyib. Axı hər iki namizəd Avropaya inteqrasiya və Gürcüstanın NATO-ya üzvlüyünü aktiv şəkildə dəstəkləyir”.

Atayev qeyd edib ki, çətin ki, Zurabişvili seçkilərdə qalib gələcəyi təqdirdə Gürcüstanda hər hansı etiraz aksiyası başlasın. Onun fikrincə bu ölkə artıq "narıncı inqilab" resursunu tükədib.