Novruz Məmmədov: "Türkiyə Cümhuriyyətinin elan olunması böyük hadisə idi"

Novruz Məmmədov Türkiyə xalqını Cümhuriyyətin 95-ci ildönümü münasibətilə təbrik edib
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan 

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə Cümhuriyyətinin qurulmasının 95-ci ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub.

Daha sonra Azərbaycanın baş naziri Novruz Məmmədov Türkiyə xalqını Cümhuriyyətin 95-ci ildönümü münasibətilə təbrik edib. O bildirib ki, Türkiyədə hazırda ikinci böyük bayram yaşanır: "Bu gün İstanbul Yeni Hava Limanının açılışı baş tutur. Bu, qardaş Türkiyənin dünyada həyata keçirdiyi böyük layihələrdən biridir. Böyük hadisə ilə əlaqədar Türkiyə xalqını, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edirəm". 

Novruz Məmmədov Azərbaycan prezidenti İlham Əliyevin və hökumətin adından təbrikləri də çatdırıb: "Qardaş Türkiyəni səmimi qəlbdən təbrik edir, sülh, daha böyük nailiyyət, çiçəklənmə arzulayıram. Ölkələrimizin milli-mənəvi və mədəni dəyərləri eyni köklərə bağlıdır. Hazırda dünyada bir-birinə bu qədər yaxın olan başqa nümunə göstərmək çox çətindir. Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir", ulu öndər Heydər Əliyevin "Bir millət iki dövlət" ifadələri münasibətlərimizin əsl mahiyyətini nümayiş etdirir".

Məmmədov vurğulayıb ki, qurtuluş savaşından sonra Türkiyə Cümhuriyyətinin elan olunması mürəkləb geosiyasi vəziyyətdə böyük hadisə idi: "Bu illər ərzində Türkiyə böyük inkişaf yolu keçərək şərəfli yüksəlişə nail olub, inkişaf etmiş ölkələrlə bir cərgədə yerini tutub, regionda və dünyada söz sahiblərindən birinə çevrilib. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir. Müstəqilliyinin ilk illərindən etibarən dövlət quruculuğu yolunda daim Azərbaycanı dəstəkləyib, haqq səsimizi ucaldıb. Dağlıq Qarabağ həqiqətləri ilə bağlı hər zaman yanımızda olub, Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bu, bir daha dostluğumuzu, qardaşlığımızı nümayiş etdirir. İki ölkə arasında siyasi, iqtisadi, mədəni, humaniyat, təhlükəsizlik, hərbi və digər sahələrdə münasibətlət yüksək səviyyədədir. Dövlət başçılarının şəxsi əlaqələri və qarşılıqlı səfərlərin xüsusi yeri vardır. Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin dostluq əlaqələri ikitərəfli münasibətlərimizin gnişlənməsində müstəsna əhəmiyyəti var".