CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qax Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı

Prezident İlham Əliyev Qax Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb
Sputnik

BAKI, 29 oktyabr — Sputnik. Prezident İlham Əliyev Qax şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Qax Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılıb.

Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Qax rayonunda sosialyönümlü bir sıra layihələr həyata keçirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Bayraq Muzeyi, “İçəribazar” Qala Kompleksi, əlil və şəhid ailələri üçün, ümumilikdə, 68 mənzilli 3 yaşayış binası inşa edilib, Rayon Mərkəzi Xəstəxanası, Rayon Mədəniyyət Mərkəzi, Uşaq-Gənclər Şahmat İdman Məktəbi əsaslı təmir olunub, ən müasir tələblərə cavab verən turizm obyektləri, 21 yeni ümumtəhsil məktəbi istifadəyə verilib. Bundan başqa, şəhərin su təchizatı sistemi yenidən qurulub, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, “Ulu Aqro” MMC-nin aqroparkı və digər iri istehsal müəssisələri yaradılıb, 7 mindən çox yeni iş yeri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.