CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət aztəminatlı ailələr üçün böyük güzəşt paketi hazırlayıb - Pulsuz xidmət

"Dövlətin əlində tənzimləyici vasitələr var ki, əhalinin bütün təbəqələrinin müəyyən universal sayıla biləcək bank-maliyyə xidmətlərinə çıxışı təmin olunsun"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Banklar aztəminatlı əhali qruplarına müəyyən bank xidmətlərini pulsuz təklif etməyə təşviq olunacaq. Pulsuz xidmət göstərilə biləcək aztəminatlı əhali qruplarının meyarları, habelə pulsuz verilə biləcək bank xidmətlərinin növləri və sayı Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə bankların birgə təklifləri əsasında müəyyən ediləcək. Bu yenilik "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda əksini tapıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, dövlətin dəstəyi olsa, bu məsələlər reallaşdırıla bilər: "Ümumiyyətlə, Azərbaycanda bank sektoru iqtisadiyyatın maliyyələşməsindən xeyli dərəcədə uzaqlaşıb. Real sektorun inkişafı, ciddi sosial layihələrin reallaşması makroiqtisadiyyat üçün çox önəmlidir və burada bank sektorunun iştirakını görmürük. Bank sektoru iqtisadiyyatın dayanıqlı inkişafına xidmət etməlidir. Aztəminatlı əhali təbəqəsinin maliyyə xidmətlərinə çıxışının təmin edilməsi vacibdir".

Onun sözlərinə görə, bu tədbir elə də böyük xərc tələb etmir: "Digər tərəfdən, hesablaşmalarda yüksək texnologiyaların tətbiqi bank sektoruna ciddi mənfəət verəcək. Bu mənfəətin müəyyən hissəsinin sosial layihələrə yönləndirilməsi mümkündür. Amma dövlətin dəstəyi olmasa, bu işlərə banklar həvəsli yanaşmayacaq. Ona görə də dövlətin dəstəyi zəruridir. Bu Proqramın təsdiq edilməsi göstərir ki, bu istiqamətdə dövlət ardıcıl siyasət aparmaq niyyətindədir".

Professor bildirib ki, bankların bu addımı atması üçün proqramlar olmalıdır: "Ümumiyyətlə, bank-maliyyə xidmətlərinə çıxış universallaşmalıdır. Əhalinin bütün təbəqələri xidmətlərə, o cümlədən bank-maliyyə xidmətlərinə çıxışla təmin olunmalıdır. Bu da dövlətin sosial dövlət statusu daşımaq istiqamətində atmalı olduğu ən zəruri addımlardan biridir".

"Hazırda bank sektorunda mənfəətlər çox yüksəkdir. Bank sektorunun əksəriyyəti özəl sektora aiddir və onlara dövlətin direktiv tapşırıq verməsi mümkün deyil. Amma bununla yanaşı, dövlətin çox ciddi tənzimləyici mexanizmləri var. Dövlət bu imkanlardan istifadə etməlidir. Dövlətin əlində bütün tənzimləyici vasitələr var ki, əhalinin bütün təbəqələrinin müəyyən universal sayıla biləcək bank-maliyyə xidmətlərinə çıxışı təmin olunsun" - E.Məmmədov vurğulayıb.

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bunun həyata keçməsi dövlətin banklara nə təklif edəcəyindən asılı olacaq: "Qarşılıqlı, müəyyən təşviq proqramları olmalıdır ki, banklar maraqlı olsun və belə sosial layihələrdə fəal iştirak etsin. Təşviq üçün banklara müəyyən vergi güzəştləri edilə, Mərkəzi Bankdan daha ucuz və uzunmüddətli kredit almaları təmin oluna bilər. Müəyyən təşviq addımları olmalıdır ki, banklarda maraq yaransın".

Mütəxəssisin sözlərinə görə, bir sıra ölkələrdə belə təşviq proqramları var: "Skandinaviya ölkələrində, Kanadada, Avstraliyada bunlarla bağlı xüsusi dövlət proqramları mövcuddur. Aztəminatlı ailələrin maliyyə resurslarına, xidmətlərə çıxış imkanları kifayət qədər dövlət tərəfindən kompensasiya olunur və dövlət tərəfindən müəyyən ödənişlər həyata keçirilir".

"İndi bizdə bu sistemin oturuşması üçün həm böyük maliyyə resurslarına, həm də infrastrukturun qurulmasına ehtiyac var. Qısa zamanda bunu həyata keçirmək çətin olar. Amma dövlət bankları maraqlandıran proqramları elan etsə, onlara dəstək göstərsə, banklar da öz növbəsində aztəminatlı ailələrlə daha sıx, effektiv işləməyə başlasa, bu, hökumət üçün kifayət qədər uğurlu bir layihə ola bilər" - deyə Cəfərli əlavə edib.

Qeyd edək ki, sözügedən Dövlət Proqramında aşağı gəlirli əhali qrupları üçün pulsuz "Baza bank xidmətləri paketi"nin tətbiqinin təşviq edilməsi nəzərdə tutulur. Proqramda deyilir ki, nağdsız ödəniş xidmətlərindən istifadə edən əhalinin sayı azlıq təşkil edir: "Aztəminatlı əhali təbəqəsinin maliyyə xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə bir sıra ölkədə "baza bank hesabı" adlanan xidmət növü uğurla tətbiq olunur. Bu cür mexanizmlər Azərbaycanda da tətbiq oluna bilər".