MƏDƏNİYYƏT

Eks-aparıcı: "Məhz öz səhlənkarlığıma görə məni efirdən uzaqlaşdırdılar"

"Rəhbərlik qarşıma seçim qoydu, ya aparıcılığı, ya da aktyorluğu seçməliydim. Mən də aktyorluğu seçdim"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Özünü daha çox radioaparıcı kimi sınayan və qısa zamanda məşhurlaşan aktyor Sənan Əlləz son illər yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb. Gənc aktyor Sputnik Azərbaycan-ın qonağı olub və suallarımızı cavablandırıb.

- 2011-ci ildə Gənclərin Birinci Teatr Festivalında Sənan Əlləz nə aktyor idi, nə də rejissor. Sadəcə çiynində kamera festivaldan mini film hazırlayan gənc idi…

— O zaman incəsənətdən uzaq idim. Məni elə mötəbər festivala yaxın da buraxmazdılar. Elə bir festivalın olduğunu biləndə, sadəcə o kampa düşüb, festival iştirakçıları ilə bir yerdə olmağı arzulayırdım. Bunun üçün müraciət etdim, bildirdim ki, nə desəniz hazıram, təki orada olum. Etiraf edim ki, orada iştirak edən gənclərə həsəd aparırdım. Müraciətim dəyərləndirildi, çiynimə bir videokamera qoyub dedilər ki, "madam, bu festivalda iştirak etmək istəyirsən, onda kampdan bir film hazırlamalısan".

Aktyor Sənan Əlləz

Nə operatorluq bacarırdım, nə də rejissorluğun nə olduğunu bilirdim. Ancaq məqsədimə çatmaq üçün razılaşdım. Heç o sənədli filmi çəkə bilmədim, kadrlara baxanda məlum oldu ki, ortaya çıxarılacaq material yoxdur. Amma mən ən böyük uğurumu qazanmışdım, peşəkar səhnəyə gəlmişdim. Festivalın aparıcısı missiyasını qəfildən mənə vermişdilər. Bunun öhdəsindən yaxşı gəldiyim üçün isə növbəti addım artıq daha böyük idi.

- Deməli, bu sahədə təhsil almasanız da, bu peşəyə sevginiz var idi.

— Bəli. Uşaqlıqdan incəsənətə həvəsim sonsuz olub. Hətta uşaq vaxtından qohumların ad günündə balaca səhnəciklər göstərirdim. Qohumlarım xahiş edirdilər ki, kiminsə "ağzını əyim", yəni parodiyalar edim. Bunları böyük həvəslə edirdim. Hər zaman düşünürdüm ki, aktyor olacam. Amma ağlıma gəlməzdi ki, bir çox filmlərdə, nəinki rol alacam, hətta baş rolların ifaçısı olacam.

Aktyor Sənan Əlləz Sputnik Azərbaycan agentliyinə müsahibə zamanı

- Bəs hansı səbəbdən aktyorluqdan öncə radioaparıcı oldunuz?

— Teatr festivalında aparıcı olandan sonra 2012-ci ildə məni radio aparıcısı kimi Səxavət Nura məsləhət görmüşdülər. O da məni işə qəbul elədi. Sonra "ASAN Radio" açıldı, oada işləməyə başladım. Amma heç vaxt radio aparıcı olmaq iddiam olmayıb. Məqsədim səhnə olub, həmişə iddialı olmuşam ki, filmlərdə rol alım. Radioda işlədiyim zaman da artıq filmlərə çəkilirdim, kiçik obrazlarla səhnəyə addım atırdım.

- İndiyədək utandığınız obrazınız olub?

— Heç vaxt yaratdığım heç bir obrazdan utanmamışam. Hər bir obrazın bir yükü var. Hətta bir dəfə bir filmə məni kadrı doldurmaq üçün dəvət etmişdilər. Kafedə oturan baş qəhrəmanın arxasında oturaraq, çay içirdim və kadrı doldururdum. O zaman uzun saçım, saqqalım var idi. Baş rejissor gəlib məni görəndə ikinci rejissora dedi ki, "onu niyə dəvət etmisiz?" O kadra çəkilmək üçün 30 manatımı alıb getdim.

Bir neçə gündən sonra zəng edib məni həmin seriala baş obrazın köməkçisi kimi dəvət etdilər, dedilər ki, "saqqalını qırx və gəl". Deməyim odur ki, heç bir təklifə yox demirdim. Özüm bilirdim ki, əskikliyim var, o da bu sahə üzrə təhsilimin olmamasıdır. Bu da mənə mane olurdu. Amma ustadlarım Kamran Yunis və Vaqif Əsədovun verdikləri təhsil sayəsində bu sənətin dərinliklərini öyrəndim. Hər iki ustadıma ömrüm boyu minnətdar olacağam.

Aktyor Sənan Əlləz

- Filmdə çəkildiyiniz obraza görə nə qədər məvacib alırsınız?

— "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan filmdə çəkilmişəm və bu günə kimi ən çox qonorarımı məhz o filmdə baş rolda oynadığım üçün almışam. 33 günə 7000 manat pul almışam. Kommersiya filmlərində 10 günə 2000 manat aldığım vaxt olub. 2 günə 800 manat da almışam. Bəzən ssenarini bəyənirəmsə, qiymətdə razılaşmaya da gedirəm.

- Amma "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan filmləri kinoteatrlarda görmürük…

— Bu filmlər məhz festivallar üçün çəkilir. Həmin filmlər sənət əsərləridir. Doğrudur, onları kinoteatrlara vermirlər. Bunun səbəbini bilmirəm. Kinoteatrlarda ancaq kommersiya məqsədi ilə çəkilən filmlər göstərilir. Məncə, düz edirlər. O filmləri çəkənlərin bəziləri özləri rejissor olmadıqlarını etiraf edirlərsə, onların çəkdikləri haqqında danışmağa dəyməz.

- Baş rollarda sevgili obrazlarınız çox olur. Buna görə ailənizdə qısqanclıq olurmu?

— Yox, əksinə olaraq həyat yoldaşım mənə həmişə dəstək olur. O bilir ki, bunlar sadəcə mənim obrazlarımdı. Hətta filmə baxaraq mənim filmdə necə davranmalı olduğumu da məsləhət görür. Evdə ancaq dağınıq olduğum üçün sözümüz çəp düşür. Pinti insanam, heç nəyi yerinə qoymuram və dağıdıram.

- "ASAN" radiodan işdən ayrılmağınız qəfil oldu və dinləyicilər üçün qaranlıq qaldı. Səbəb nə idi?

— Bir məqamda başa düşdüm ki, bundan sonrakı həyatımı aktyorluğa həsr etməliyəm. Artıq radioya ikinci iş kimi baxırdım, işə gecikmələrim çox olurdu. Efirə gecikməsəm də, işə gecikirdim. Məhz öz səhlənkarlığıma görə məni efirdən uzaqlaşdırdılar. Efirdən uzaqlaşandan sonra isə heç bir məsuliyyət hissim qalmadı və demək olar ki, maaş alandan-alana işə gedirdim. Nəhayət, rəhbərlik qarşıma seçim qoydu, ya aparıcılığı, ya da aktyorluğu seçməliydim. Mən də aktyorluğu seçdim, ərizəmi yazıb müdiriyyətlə əl sıxışaraq işdən çıxdım.

Amma mən radio rəhbəri olsam və aktyorları işə götürsəm, sonradan qarşılarında seçim qoymaram. Onu da qeyd edim ki, rəhbərlik mənə çox dəstək olub. Yəqin ki, günah məndə olub deyə işdən azad edilmişəm. Amma etiraf edim ki, radioda işdən ayrılandan sonra qazancım artıb.