MƏDƏNİYYƏT

Xalq Artisti: “Bir neçə gün sonra da xəbər gəldi ki, vəfat edib”

“Bizim aktyorlarda görürsən ki, dramı oynadı, iş plastikaya gələndə qarın imkan vermədi”
Sputnik

Orxan Bahadırsoy, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Müsahibim Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq Artisti Firudin Məhərrəmovdur.

— Xoş gördük, sizi. Bizə rejissor sənətinə və teatra qədəm qoyduğunuz ilk illərdən danışın, zəhmət olmasa.

Məşhur aktyor vəfat edib

— 1982-ci ildə instituta (indiki Mədəniyyət və İncəsənət Universiteti nəzərdə tutulur) qəbul olunmuşam, 1987-cı ildə də Sumqayıt teatrına quruluşçu rejissor kimi göndərilmişəm. 10 il quruluşçu rejissor kimi işlədikdən sonra 1997-ci ildə bu teatrın baş rejissoru təyin olunmuşam və bu günə qədər çalışıram.

— 22 ildir ki, bu teatrın baş rejissorusuz. Bu müddət ərzində teatrın binası da dəyişilib. Doğrudur?

— Bəli. Belə ki, bu bina əvvəllər kimya şirkətinin binası idi. 40 il bu binada kirayəçi olmuşuq. Binanı bizə vermirdilər. Sumqayıt Teatrının 40 illik yubileyində prezident İlham Əliyevin sərəncamı ilə bu bina rəsmən teatrın binası oldu.

— Mehdi Məmmədovun tələbəsi olmusuz...

— Bəli. Həm Mehdi Məmmədov, həm də Azər Paşa Nemətov dərs keçib bizə.

— Mehdi Məmmədovla bağlı kimsənin bilmədiyi hansı maraqlı xatirəniz var?

— Əlbəttə, var. Rüstəm İbrahimbəyovun bir əsəri vardı – "Şirəbənzər". Mən o əsəri səhnələşdirirdim. Mehdi Məmmədov da gəlib baxdı. Onun da gülümsəmək, gülmək kimi adəti yox idi. Çox ciddi adam idi. 

Xalq artistinin oğlu: "Pul insanı çox şeyə məcbur edir"
Həyəcanla gözləyirdim ki, azca da olsa gülümsəsin. Gülümsəyərsə, deməli, nəsə var. Baxdı, birinci hissə bitdi. Xeyli sakitcə dayandı. Biraz sonra dodağı qaçdı. Rahatladım ki, bəyənib. Qiymətimi də yazdı. Dedi ki, ikinci hissəni də hazırlayım, baxsın. Amma qismət olmadı. İkinci hissənin eksplikasiyasını verdim ona. Bir həftə xəbər çıxmadı. Zəng elədim. Dedi ki, "xəstələnmişəm, gəl evə, çay içək, söhbət edək". Mən də utandım. Dedim ki, narahat etməyim və bir bəhanə ilə sağollaşdım. O vaxt bizə qəribə gəlirdi. O boyda adamla üzbəüz dayananda da həyəcanlanırdıq ki, biz Mehdi Məmmədovun yanında dayanmışıq. Evinə gedib səmimi söhbət etməyə çox çəkindim. Bir neçə gün sonra da xəbər gəldi ki, vəfat edib.

— Peşəkar teatrda ilk işiniz hansı tamaşa olub?

— Diplom işim olub. 1988-ci ildə Sumqayıt Teatrında quruluş vermişdim. Vasili Şukşinin "Diribaş adamlar" pyesi idi. Həsən Turabov götürdü məndən diplom işini. Əsasən, gənc aktyorlarla qurmuşdum tamaşanı. Teatrın repertuarına salındı. Daha sonra Redyard Kiplinqin "Öz xoşuna yaşayan pişik" əsərini səhnələşdirdim. Və belə davam etdi.

Gözəllik kraliçası Müslüm Maqomayevin həyat yoldaşı obrazının canlandıracaq

— Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin "Anamın kitabı" pyesini səhnələşdirdiniz. Bu həmin teatrda ilk işiniz idi?

— Bəli. O vaxt teatrın direktoru olan İsrafil İsrafilovun dəvəti ilə getdim və o tamaşanı qurdum.

— Tamaşa kifayət qədər yeniliklərlə, maraqlı səhnələrlə yadda qaldı. Xüsusi ilə zülmə, haqsızlığa etiraz səhnələri diqqət çəkdi.

— Bu əsərdə qardaşların timsalında parçalanmış bir cəmiyyətdən söhbət gedir. Qeyd etdiyiniz məqam tamaşanın iclas səhnəsində var idi. Orada millətçi obrazı vardı. Mən o obrazı inkişaf etdirməyin mümkün olduğunu görüb yalançı millətçi obrazı yaratdım. Həmin səhnədə millət sevgisindən pafosla danışan həmin obraz, dilənçini gətirib etiraz edir ki, "siz görmürsüz bu acından ölür?" Amma dilənçi ondan mərhəmət umanda təpik vurub gedir. Məlum olur ki, onun millət sevgisi boğazdan yuxarıdır və göstəriş xətrinədir. Xüsusi ilə bu səhnəyə görə bəzi söhbətlər eşidirdim. Amma sənət nümunəsi göz önündə idi və bu əsərin müəllifi Azərbaycanın ən nəhəng dramaturqlarından biri Cəlil Məmmədquluzadədir.

— Hal-hazırda hansı tamaşanın üzərində işləyirsiz?

— Turqut Özakmanın "Ocaq" tamaşasını qurdum. Bu yaxınlarda isə Hüseyn Cavidin həyatından bəhs edən bir tamaşa qurdum və təhvil verdim. Nizami Muradoğlunun əsəridir. Tamaşada Hüseyn Cavidin 

Məşhur aktyor zorlama sualından niyə qaçdı? – VİDEO
həyatı ilə bağlı çox maraqlı səhnələr var. Çalışıram ki, daha çox qərb dramaturgiyasına müraciət edim. Dörd nəfər Nobel mükafatçısının əsərini səhnələşdirmişəm. İndi də istəyirəm Alber Kamyunun "Kaliqula" əsərini səhnələşdirim.

— Niyə daha çox xarici müəlliflərə və yerli klassiklərə müraciət edirsiz?

— Çünki bizdə gənc, müasir dramaturqlar yox səviyyəsindədir.

— Bunun səbəbini nədə görürsüz?

— Çünki teatrla dramaturqların əməkdaşlığı yoxdur. Rejissorlar dramaturqlarla işləməlidir. Teatrdan kənarda oturub dram əsəri yazmaq mümkün deyil.

— Bir rejissor kimi hansı janr sizin ruhunuza daha yaxındır? Komediya, tragediya yoxsa dram?

— Mən aktyorda da ampluanı qəbul etmirəm. Yalnız komediya oynayan, yaxud, yalnız faciə oynayan aktyorları nəhəng istedad hesab etmirəm. Eləcə də rejissorlar həm komediya, həm dram, həm də faciəni səhnələşdirməyi bacarmalıdır. Sevmək məsələsinə gəlincə, tragikomediyanı sevirəm.

— Azərbaycan teatrının problemi nədir? Niyə dünya teatrları səviyyəsində inkişaf etmir?

Bizə acımanızı istəmirik: Əlil aktyorlar tamaşaçıları göz yaşına boğdular

— Dünya teatrları səviyyəsində inkişaf etmək üçün mütəmadi olaraq dünya teatrlarına gedib gəlməlisən. Müxtəlif ölkələrdə təhsil və təcrübə keçməlisən. Mən Amerikada bir tamaşaya baxdım, səkkiz nəfər aktyor oynayırdı. Bu aktyorlara baxanda gördüm ki, onların çatışmayan heç bir cəhəti yoxdur. Komediyası yerində, dramı yerində, plastikası yerində. Bizim aktyorlarda görürsən ki, dramı oynadı, iş plastikaya gələndə qarın imkan vermədi. Və onlarda ən yüksək maaşı da aktyorlar alır.

— Təşəkkür edirəm müsahibə üçün. Yaradıcılığınızda uğurlar arzulayıram.

— Çox sağ olun. Minnətdaram.