BAKI, 27 oktyabr — Sputnik. Malayziya Səudiyyə Ərəbistandakı əsgərlərini geri çəkdiyini açıqlayıb.
Sputnik Azərbaycan "Ensonhaber"ə istinadla xəbər verir ki, bu barədə Malayziya xarici işlər naziri Seyfüddin Abdulla açıqlama verib.
Nazir Səudiyyə Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyasına daxil olan Malayziya hərbi birliklərinin paytaxt Ər-Riyaddan ayrıldığını deyib.
Qeyd edək ki, Yəməndə daxili müharibə başlayandan sonra ərəb koalisiyası yaradılmışdı.
Seyfüddin bildirib ki, artıq qoşunlar geri dönüb: “Malayziya hökuməti Yəməndəki hərbi koalisiyanın bir hissəsi olmaq istəmir. Bu barədə hökumət qərar qəbul edib”.
Qeyd edək ki, Malayziya müdafiə naziri Məhəmməd Sabu iyun ayında verdiyi açıqlamada, ölkəsinin Səudiyyə Ərəbistandakı hərbi mövcudluğunu nəzərdən keçirdiklərini bildirmişdi.
Malayziya keçmiş Baş Nazir Nəcib Rezakın hökuməti dövründə Yəməndəki Malayziya vətəndaşlarının evakuasiyasını təmin etmək üçün 2015-ci ildə Səudiyyə Ərəbistanına hərbi qoşun göndərmişdi.