BAKI, 26 oktyabr — Sputnik. Azərbaycanda əhali yenidən siyahıya alınacaq və bunun üçün dövlət büdcəsindən vəsait də ayrılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu işlərə gələn ilin oktyabr ayında start veriləcək.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Dayanıqlı İnkişafa Dair Bakı Forumunda çıxışı zamanı bildirib ki, hazırda bunun üçün hazırlıq işləri gedir.
T.Budaqovun sözlərinə görə, bu ilin 1-10 oktyabr tarixlərində Qəbələ rayonunda sınaq siyahıyaalınma keçirilib: “Hazırda Qəbələ üzrə əldə edilən məlumatların hazırlanmış proqram təminatı vasitəsilə işlənməsi həyata keçirilir. Eyni zamanda, proqram təminatı da sınaqdan keçirilir”.
Qeyd edək ki, bu məqsədlə 2019-cu ilin dövlət büdcəsində 23,2 milyon manat vəsait nəzərdə tutulub. Əhalinin siyahıya alınmasının keçirilməsinə bütün rayonlar üzrə 40 minə yaxın insan cəlb olunacaq.
Azərbaycanda əhalinin siyahıya alınması hər 10 ildən bir keçirilir. 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə Azərbaycanda əhalinin sayı 9 950 512 nəfərə çatıb.