QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rəsmi Bakıdan Fransaya sərt ismarıc: Nə etmək istədiyinizi anlaya bilmirik

Elmar Məmmədyarov: "Fransa şəhər merləri, bələdiyyə rəhbərləri, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edirlər"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr — Sputnik. "Biz Fransa şəhərlərinin merlərinin Azərbayacanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfəri ilə bağlı Fransanın ölkəmizdəki səfirini Xarici İşlər Nazirliyinə dəvət edib, ona etiraz notası təqdim etmişik. Azərbaycanın Fransadakı səfiri də məsələ ilə bağlı Fransa Xarici İşlər Nazirliyinə müraciət edib".

Elmar Məmmədyarov qapalı görüşdən danışdı: "Con Boltondan xahiş etdim ki..."

Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Sent Etyen şəhərinin merinin və Arnuvil bələdiyyəsinin rəhbərinin Dağlıq Qarabağ bölgəsinə səfərləri barədə məsələni şərh edərkən deyib.

"Biz atılan bu addımları anlaya bilmirik. Bir tərəfdən Fransanın xarici işlər və Avropa üzrə naziri, həmçinin daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində imzalanmış yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə təlimat bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır. Həmin təlimat, eyni zamanda Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyi qadağan edir. Digət tərəfdən isə Fransa şəhər merləri, bələdiyyə rəhbərləri, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edirlər" - Məmmədyarov bildirib.

"Ötən gün də Fransa Xarici İşlər Nazirliyi də bəyənat yayaraq Dağlıq Qarabağın müstəqilliyini tanımadıqlarını və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi münaqişənin həllində səylər göstərdiklərini bəyan ediblər" - deyə XİN başçısı vurğulayıb.

Nazir qeyd edib ki, Fransa səfiri nazirliyə dəvət edilərək bildirilib ki, əgər Fransa XİN və DİN rəsmi mövqeyinə baxmayaraq, hansısa şəhər, meriya rəhbəri bu qərara qarşı çıxır və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağa səfər edirsə, onda siz hansısa administrativ qaydada bunun qarşını almaq üçün tədbir görməlisiniz: "Mən bu gün də xanım səfirlə tədbir zamanı bununla bağlı bir daha söhbət etdim. Xanım səfir bununla bağlı yenidən rəsmi Parisə çatdıracaq. Müvafiq cavab alındıqdan sonra Azərbaycana çatdırılacaq".