ELM

"Tələbələr pulsuz geyim, yemək və yataqxana ilə təmin olunacaqlar"

Rektor: "Gələcəkdə rus, ingilis və ərəb dili bölmələrinin açılması və dünyanın müxtəlif dövlətlərindən tələbələrin təhsilə cəlb olunmalar nəzərdə tutulub"
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) 2018-2019-cu tədris ili üzrə ilk tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin (DİM) xətti ilə, ödənişsiz əsaslarla, III ixtisas qrupu üzrə iki istiqamətdə — İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirilib.

Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin ilkin nəticələri açıqlanıb

Sputnik Azərbaycan xəbər verir ki, bunu Aİİ-nin rektoru Ceyhun Məmmədov İnstitutun fəaliyyətinin ilkin nəticələri ilə bağlı bu gün keçirilən tədbirdə deyib. "Dövlət sifarişi əsasında qəbul üzrə ayrılmış plan yerləri 100% dolub, İslamşünaslıq ixtisası üzrə 35, Dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla, ümumilikdə, 60 abituriyent tələbə sıralarına qəbul edilib. Hazırda İnstitutda ümumilikdə 103 tələbə təhsil alır" — deyə o bildirib.

C.Məmmədov qeyd edib ki, şəffaf, modern, qabaqcıl meyarlar ilə formalaşdırılan Azərbaycan İlahiyyat İnstitutu dövlətin qayğısı ilə təmin olunub: "İnstitutda təhsil ödənişsizdir, tələbələr bütün fənlər üzrə pulsuz dərsliklərlə təmin ediliblər. Gələcəkdə tələbələrin pulsuz geyim, yemək və yataqxana ilə təmin olunacaqları planlaşdırılır".

Aİİ rəhbərinin sözlərinə görə, İnstitutda İslam dininin tədrisinə dair "Quran", Hədis, Təfsir, Fiqh, Kəlam, Təsəvvüf kimi ənənəvi fənlərlə yanaşı, dinləri sosioloji, psixoloji, fəlsəfi və tarixi aspektlərdən tədqiq edən fənlərin də tədrisi təşkil olunub: "Eyni zamanda, digər aparıcı dünya dinlərinin – xristianlıq, yəhudilik, hinduizm, buddizmin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, eləcə də fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm kimi sosial və humanitar elmlər də tədris olunur".

Rektor deyib ki, institutda tədris Azərbaycan dilindədir: "Gələcəkdə rus, ingilis və ərəb dili bölmələrinin açılması və dünyanın müxtəlif dövlətlərindən tələbələrin təhsilə cəlb olunmaları, həmçinin yəhudilik, xristianlıq, hinduizm və buddizm kimi böyük dünya dinlərinin müqəddəs mətnlərinin tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edən ibri, qədim yunan, latın və sanskrit dillərinin tələbələrə öyrədilməsi məqsədilə xüsusi kursların təşkili planlaşdırılır".

"İnstitutda hazırda bir fakültə — İlahiyyat, 3 kafedra — İslamşünaslıq, Dinşünaslıq, Dillər və ictimai fənlər mövcuddur. Təhsil iki istiqamətdə, İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirilir. Azərbaycan İlahiyyat İnstitutu 2019/2020-ci tədris ili üçün magistraturaya tələbə qəbulunu nəzərdə tutub. İnstitutun magistraturasında Dinşünaslıq ixtisası üzrə — Dinin psixologiyası, Dinin sosiologiyası, Dinlər tarixi, İslamşünaslıq ixtisaslaşmalarının hər birindən 2 nəfər olmaqla, 8 yer nəzərdə tutulub" — deyə C.Məmmədo vurğulayıb.