Paşinyan daha bir hədəfinə çatdı – baş nazir seçilmədi

Səsvermə formal xarakter daşıyıb və Paşinyanın parlamenti buraxmasına əsas vermək üçün keçirilib
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın hökumət başçısı postuna namizədliyini qəbul etməyib. Sputnik Ermənistan xəbər verir ki, iclasda onun namizədliyini heç bir deputat dəstəkləməyib.

Belə ki, 11 nəfər bitərəf qalıb, 1 nəfər əleyhinə səs verib. Paşinyanın lehinə heç kim səs verməyib.

Respublika Partiyası əvvəl də bəyan etdiyi kimi, səsvermədə iştirak etməyib. Daşnaksütun Partiyası və Sarukyanın Bloku da səs verməyib.

Səsvermə formal xarakter daşıyıb və Paşinyanın parlamenti buraxmasına əsas vermək üçün keçirilib. Daha öncədən qeyd edilmişdi ki, parlamentdə keçiriləcək səsvermə zamanı o, baş nazir seçilməyəcəyi təqdirdə parlamentin buraxılacağı gözlənilir.

Qeyd edək ki, onun baş nazir vəzifəsinə namizədliyi "Yelk" partiyası tərəfindən irəli sürülüb.