SƏHİYYƏ

Ölkədə yayıldığı iddia edilən yoluxucu xəstəliklə bağlı rəsmi açıqlama: "Təlaşa düşməyin"

Nəsib Quliyev: "Yuxarı tənəffüs yollarında kəskin respirator virus infeksiyaları müşahidə olunur"
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Son günlər "WhatsApp" qruplarında valideynlər uşaqlar arasında kəskin qrip infeksiyasının yayıldığını iddia edirlər. Onlar xəstəliyin ağır olduğunu, ürəkbulanma, qusma, ishal, qızdırma və s. əlamətlərlə müşahidə olunduğunu deyirlər.

Sputnik Azərbaycan-ın əməkdaşı yayılmış xəbərlərlə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb elmləri doktoru Nəsib Quliyevə müraciət edib. O bildirib ki, hazırda qrip virusları tərəfindən törədilmiş və geniş yayılmış xəstəlik qeydə alınmayıb.

"Bu, sadəcə şayiədir. Hazırda payız fəslidir, üstəlik uşaqlar kollektiv arasında çox olurlar və bununla əlaqədar onlarda az-az mövsümi xəstəliklərə rast gəlinir. Yuxarı tənəffüs yollarında kəskin respirator virus infeksiyaları müşahidə olunur. Amma ölkədə uşaqlar arasında nə epidemiya, nə də kəskin bir virusun törətdiyi problem, xəstəlik var" — direktor bildirib.

N.Quliyevin sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyev "2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb: "Əmrdə soyuqdəymə xəstəliklərinin qarşısını almaq üçün tapşırıqlar öz əksini tapıb".

"Valideynlər hər zaman şayiə buraxırlar. Biz də istəyirik ki, jurnalistlər obyektiv mövqe tutsunlar, reallığı yazsınlar. Bilirsiniz ki, bizim xəstəxanada xəstə uşaqlar üçün çarpayılar var. Xəstələnmə çox olsa, xəstəxanamız dolu olar. Biz bunu müşahidə etmirik" — mütəxəssis qeyd edib.

O diqqətə çatdırıb ki, Azərbaycanda bu gün sübut olunmuş qrip virusunun törətdiyi infeksiya mövcud deyil: "Qrup və ya epidemiya şəklində yayılmış heç bir xəstəlik yoxdur. Valideynlər yaxşı olardı ki, uşaqlarının qışda az xəstələnməsi üçün yaydan hazırlıq görsünlər. Uşaqların qidalanmasına və geyiminə xüsusi diqqət yetirsinlər".

Xatırladaq ki, bir neçə gündür uşaqlar arasında kəskin qrip infeksiyasının yayıldığı barədə məlumatlar dolaşır. Məlumatlara görə, infeksiya özünü hərarətin qalxması, ürəkbulanma, qusma, ishal, qəbzlik və s. əlamətlərlə göstərir.

Valideynlər iddia edirlər ki, xəstəlik tez bir zamanda yoluxur. Bu səbəbdən də, uşağı xəstə olan valideynlərə məsləhət görülür ki, uşaqlarını məktəbə və bağçaya buraxmasınlar.