BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişliyə səfəri çərçivəsində "ASAN Həyat" kompleksinin açılışında iştirak edib. Prezident mərkəzdə innovativ yeniliklərlə tanış olub. Həmçinin dünyada ilk süni intellektli humanoid robot olun "Sofiya" ilə söhbət edib.
Azərbaycan dilini yeni öyrənən "Sofiya" İlham ƏIiyevlə ingilis dilində danışıb. O, Azərbaycanda olmasına görə şad olduğunu bildirib: "Mən dünən gəlmişəm və Azərbaycan məni valeh edib. Mən Bakının nadir memarlıq üslubunu, müasir binalarını və texnoloji nailiyyətlərini görmüşəm. Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir. Bu, çox yüksək qiymətləndirilir".
Prezident İlham Əliyev də "Sofiya"ya Azərbaycanda, məhz İmişlidə olduğu üçün, həmçinin ölkəmizlə bağlı xoş fikirlər səsləndirdiyinə görə təşəkkür edib: "Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir. Ümid edirəm ki, bu gözəlliyi görmək üçün vaxtınız olacaq və siz Bakıda çox əziz qonaq olacaqsınız".
"Sofiya" daha sonra Prezident İlham Əliyevlə Azərbaycanın milli brendi olan "ASAN xidmət" barəsində fikir mübadiləsi aparıb, sonda Prezidentə təşəkkür edib.
Qeyd edək ki, "Sofiya" 2015-ci ildə "Hanson Robotiks" şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. "Sofiya" bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.