Ərdoğan Səudiyyə kralına radikal təklif verdi

Türkiyə prezidenti eyni zamanda cinayətkarların məhkəməsinin bu ölkədə keçirilməsini təklif edib
Sputnik

BAKI, 23 oktyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün parlamentdə çıxışı zamanı bildirib ki, Qaşıqçının öldürülməsi onun Səudiyyə Ərəbistanı konsulluğuna səfərindən bir neçə gün əvvəl planlaşdırılıb. Bu barədə Sputnik Azərbaycan "Son Dakika"ya istinadən xəbər verir.

Onun sözlərinə görə, cinayət işində Səudiyyə Ərəbistanından gəlmiş iki qrup iştirak edib. Qruplardan birinə generallar da daxil olub.

Ərdoğan əlavə edib ki, qətlin törədilməsinə bir gün qalmış Ər-Riyaddan Türkiyəyə üç nəfər gəlib. Onlar İstanbul yaxınlığında meşəyə baş çəkiblər. Ehtimal olunur ki, onlar Qaşıqçının qalıqlarını gizləmək üçün yer axtarırdılar. 

Yoxa çıxan jurnalistin meyiti tapıldı

Türkiyə prezidenti eyni zamanda cinayətkarların məhkəməsinin bu ölkədə keçirilməsini təklif edib: "Mən kral Salmana təklif edirəm: "İnsident İstanbulda baş verdiyindən, qoy bu insanları, 18 nəfər İstanbulda məhkəmə qarşısına çıxsın. Təbii ki, qərarı kral verəcək, amma bu mənim təklifimdir".

Qeyd edək ki, Səudiyyə Ərəbistanında yüksək rütbəli məmur "Reuters"-ə bildirib ki, jurnalist Camal Qaşıqçının öldürülməsi əvvəlcədən planlaşdırılmayıb. Krallıq rəhbərliyi Qaşıqçını vətənə qayıtmağa inandırmaq üçün Türkiyəyə 15 nəfər göndərib. Görüş zamanı onlar Qaşıqçını təhdid ediblər, ona narkotik vuraraq oğurlayacaqları ilə hədələyiblər.

"Jurnalist müqavimət göstərib, onların əllərindən qaçaraq, kömək çağırmağa başlayıb. Bundan sonra casuslar təlaşa düşüblər və Qaşıqçının səsini kəsmək üçün ağzını bağlamağa çalışıblar. Lakin yanlışlıqla onu boğublar" — deyə səudiyyəli yetkili vurğulayıb.

Bundan sonra onlar səhvlərini gizlətmək üçün mərhumun cəsədini xalçaya büküb, konsulluq avtomobili ilə diplomatik missiyanın ərazisindən çıxarıb və İstanbulda olan həmyerlilərinə təhvil veriblər. Cinayətin iştirakçılarından biri konsulluq ərazisindən Qaşıqçının paltarında çıxıb. O, bununla da jurnalistin guya səfirlik ərazisini tərk etməsi görüntüsünü yaratmaq istəyib. 

Gözlənilməz hadisə Ankara, Ər-Riyad və Vaşinqtonu bir-birinə vurdu

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".